Xəzər Xəbər

Sumqayıtda baldızını bıçaqlayan şəxsin tutulması istiqamətində tədbirlər görülür

Cəmiyyət | 10:31 • 10 İyul 2020
Sumqayıtda baldızını bıçaqlayan şəxsin tutulması istiqamətində tədbirlər görülür

İyulun 9-da saat 21 radələrində Sumqayıt şəhəri, H. Z. Tağıyev qəsəbəsi ərazisində 1986-cı il təvəllüdlü Ramilə Quliyevaya yaşadığı evdə çoxsaylı xəsarətlər yetirilməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.


Sumqayıt şəhər prokurorluğundan xezerxeber.az-a verilən məlumata görə, araşdırmalarla Sumqayıt şəhər sakini 1988-ci il təvəllüdlü Anar Əlizadənin baldızı 1986-cı il təvəllüdlü Ramilə Quliyevaya hazırda istintaqa məlum olmayan kəsici-deşici alətlə aralarında yaranmış mübahisə zamanı xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.


İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.


Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən Anar Əlizadənin tutularaq istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər lenti