Xəzər Xəbər

ATU-nun koronavirusa yoluxmuş şöbə müdirinin son vəziyyəti açıqlandı

Cəmiyyət | 16:06 • 9 İyul 2020
ATU-nun koronavirusa yoluxmuş şöbə müdirinin son vəziyyəti açıqlandı

Mərkəzi Gömrük Hospitalı koronavirusa yoluxan həkim Cavid Paşayevin səhhəti ilə bağlı məlumat yayıb.


Hospitaldan Trend-ə verilən məlumatda bildirilir ki, son günlər Cavid Paşayevin səhhəti ilə bağlı sosial şəbəkələrdə müxtəlif suallar verilir və cürbəcür şayiələr yayılır: "Mərkəzi Gömrük Hospitalının mətbuat xidməti rəsmi olaraq bildirir ki, koronavirusa yoluxmuş ATU-nun Tədris Cərrahiyyə Klinikasının anesteziologiya və reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin müalicəsi 8 iyul tarixindən Mərkəzi Gömrük Hospitalının reanimasiyası şöbəsində davam etdirilir.


Cavid Paşayevin vəziyyətində son günlər mənfi dinamika qeyd olunduğundan o, ATU-nun rektoru Gəray Gəraybəyli ilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov arasında aparılan danışıqlar əsasında ATU-nun Tədris Cərrahiyyə Klinikasından Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə transfer edilib.


Hal-hazırda Cavid Paşayevin ümumi vəziyyəti stabil ağır olaraq qalır. Tənəffüsü CPAP rejimində süni ventilyasiya aparatı vasitəsi ilə təmin olunur. Saturasiya - 90%. Ağ ciyərlərin 50-70% iki tərəfli viruslu pnevmoniya nəticəsində zədələnməsini nəzərə alaraq intubasiya olunması ehtimalı var. Bu gündən etibarən Favipiravir preparatı ilə spesifik antiviral müalicə kursuna başlanılıb".

Xəbər lenti