Xəzər Xəbər

Tibbi sığortanın tətbiq edildiyi ərazilərdə 5 milyon yarıma yaxın tibbi xidmət göstərilib

Cəmiyyət | 15:31 • 3 İyul 2020
Tibbi sığortanın tətbiq edildiyi ərazilərdə 5 milyon yarıma yaxın tibbi xidmət göstərilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icbari tibbi sığorta 2020-ci il yanvarın 1-dən 23 inzibati ərazidə - Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Yevlax və Ağdaşda tətbiq edilir.


Cari ilin ilk 6 ayı ərzində sözügedən ərazilərdə tibb müəssisələrinə 1 40 min 93 nəfər 1 milyon 934 min 293 dəfə müraciət edib. Bu müraciətlər üzrə 5 milyon 452 min 520 tibbi xidmət göstərilib.


Agentlikdən xezerxeber.az-a verilən məlumata görə, vətəndaşların ən çox müraciət etdikləri regionlar Mingəçevir (289 min 198), Yevlax (153 min 50), Zaqatala (137 min 906), Xaçmaz (133 min 270) və Şəkidir (123 min 253). Ən çox tibbi xidmət göstərən tibb müəssisələri Mingəçevir şəhər Mərkəzi Xəstəxanası (1 milyon 274 min 694), Ağdaş (413 min 111), Yevlax (379 min 846), Quba (322 min 440) və Şəki rayon Mərkəzi Xəstəxanalarıdır (304 min 595).


Qeyd edək ki, agentlik tərəfindən tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə respublikanın inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri (TƏB) yaradılıb. Hazırda icbari tibbi sığortanın tətbiqi 5 TƏB-i əhatə edir. TƏB üzrə müraciət sayına gəldikdə, ən çox Bərdə-Yevlaxdan müraciət daxil olub. Bərdə-Yevlax TƏB üzrə 531 min 413, Şəki-Zaqatala TƏB üzrə 511 min 642, Quba-Xaçmaz TƏB üzrə 379 min 225, Göyçay-Kürdəmir TƏB üzrə 270 min 448 və Dağlıq Şirvan TƏB üzrə 237 min 663 müraciət qeydə alınıb.


Müraciətlərin çoxu ümumi tibbi baxışla (61 min 398) bağlı olub. Ən çox müraciət edilən xəstəliklər sırasında yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası (43 min 222), essensial (birincili) hipertenziya (40 min 149), insulindən asılı olmayan şəkərli diabet (32 min 448), normal hamiləliyin gedişi üzərində müşahidə (22 min 60), diaqnozu müəyyən edilmiş, şikayəti olmayan şəxslərin ümumi tibbi baxışı və müayinəsi (21 min 269) və s. xəstəliklər yer alır.


Ümumilikdə, 1205 həyati vacib, dəyəri yüksək olan əməliyyat həyata keçirilib. Bahalı əməliyyatlar arasında kardiologiya/ürək-damar cərrahiyyəsi (686), oftalmologiya (278), nevrologiya/neyrocərrahiyyə (87), urologiya (78) və travmatologiya (47) üzrə əməliyyatlar çoxluq təşkil edir.


Qeyd edək ki, kardiologiya/ürək-damar cərrahiyyəsi üzrə həyata keçirilən əməliyyatlardan 35-i uşaqlar üzərində aparılıb.

Xəbər lenti