Xəzər Xəbər

Bu ilin ilk Günəş tutulması iyunun 21-də baş verəcək

Cəmiyyət | 16:19 • 18 İyun 2020
 Bu ilin ilk Günəş tutulması iyunun 21-də baş verəcək

2020-ci ilin ilk Günəş tutulması hadisəsi iyunun 21-nə təsadüf edəcək. AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun sözlərinə görə, tutulma Bakı vaxtı ilə saat 07:46 radələrində başlayacaq, saat 13:34-də sona çatacaq. Tutulmanın maksimum həddi 10:41-də olacaq. Bu təbiət hadisəsi təxminən 5 saat 48 dəqiqə davam edəcək. Bu barədə xezerxeber.az-a AMEA-dan məlumat verilib.


Bildirilib ki, Xıdır Mikayılov Günəş tutulmasının Afrika, Cənub-Şərqi Avropa və Asiyada da müşahidə ediləcəyini vurğulayıb. "Prosesin halqavarı fazasını isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla, Afrikanın bir hissəsi, Pakistanın cənubu, Hindistanın şimalı və Çindən müşahidə etmək mümkün olacaq. Bu ölkələrin sakinləri tutulmanın maksimum fazasında tutulma ətrafında xarakterik yanar halqa görəcəklər”.


Qeyd edək ki, Azərbaycan ərazisində Günəş tutulması qismən müşahidə olunacaq. Tutulma ölkə ərazisi üçün saat 08:47-də başlayıb, saat 11:05-dək davam edəcək.

Xəbər lenti