Xəzər Xəbər

Azərbaycanlı professor: “O dərman koronavirus xəstəsini sağaltmayacaq”

Cəmiyyət | 09:16 • 18 İyun 2020
Azərbaycanlı professor:

İngiltərənin Oksford Universiteti deksametazon adlı dərmanın ağır koronavirus xəstələrinin müalicəsinə yaradığına dair araşdırma aparıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, bu, oksigen və ventilyasiya dəstəyinə ehtiyac duyan xəstələrdə ölüm riskini aşağı saldığını göstərən ilk müalicədir. O deyib ki, ÜST-ün klinik bələdçisi dərmanın COVID-19 xəstələrində necə və nə zaman istifadəsinə dair bütün təlimatları göstərəcək. Maraqlıdır, adıçəkilən dərman doğurdanmı koronovirusu müalicə edir?

Professor Adil Qeybulla pandemiya təcrübəsi boyu müxtəlif bəyanatların səsləndiyini deyib:

"ABŞ Prezidenti Donald Tramp çıxışında bir neçə dərmanın adını çəkərək müalicədə əsas vasitənin həmin preparatlar olduğunu demişdi. Bu cür təşəbbüslər çoxdur. Deksametazon bədəndə istehsal olunan bir hormondur. Dərmanın anti-iltihabi xüsusiyyəti var və demək olar ki, gündəlik praktikada istifadə olunur”.

Professor belə düşünür ki, COVID-19-un konkret müalicəsi yoxdur: "Əgər söhbət qabaqlayıcı tədbir kimi profilaktikadan gedirsə, konkret virusu öldürən bir dərman lazımdır. Bu dərman remdesivirdir və artıq təcrübəyə buraxılıb, insanlar üzərində tədqiqatlar aparılır. Digəri isə vaksindir ki, bu, hələ istehsal olunmayıb. İstehsal ediləndən sonra bu vaksinin özünü necə aparması çox böyük sual altındadır. Ümumiyyətlə, deksametazon, prednizalon, diplastiya və digər bir sıra dərmanları müalicə prosesində işlədilir”.

Adil Qeybulla deyir ki, koronavirusda ölüm hallarının əsasında iki başlıca amil dayanır: "Birinci aktiv pnevmoniya, ikincisi statin tufanı nəticəsində ağ ciyər toxumalarının zədələnməsindən qaynaqlanan ağ ciyər çatmazlığı. Bu mənada deksametazon bu prosesə immunosuppressedan təsiri göstərib bir az zəiflədir. Amma bu, məsələnin həlli deyil.

Belə bir məlumat da verilib ki, deksametazon bu situasiyalarda ölüm riskini üçdə bir qədər azaldır. Bəli, hormonal terapiya müəyyən qədər ölüm riskini aşağı salır.

İnsanlar illüziya axtarırlar. Amma illüziyaya qapılmaq gərək deyil, virusun insanlara yoluxmasının qarşısını almaq üçün qoruyucu vasitələrdən istifadə olunmalı, sosial məsafə gözlənilməlidir və dezinfeksiya tədbirlərinə, eləcə də karantin davranışlarına riayət etmək vacibdir. Buna əməl edilsə, daha yaxşı olar”.

Mütəxəssisin sözlərinə görə, Azərbaycanda da deksametazondan karonovirusa yoluxmuş xəstələrdə istifadə olunur: "Bu preparatı bir çox məqsədlərlə istifadə edirik. Hormonal dərmanların çox istifadəsi böyrəküstü vəzin çatışmazlığını yarada bilər. Bu baxımdan bu dərmanlardan istifadə və kəsmə prosesi fərqli olmalıdır. Dərmanın kəsilməsi zamanı sindrom yaranır ki, bu da ciddi problemlərə yol açır. Ümumiyyətlə, müalicə həkimlərin işidir. Xəstə özbaşına durub deksametazon vurdura bilməz. Bu, ancaq müalicə prosesində sırf həkimlərin verdiyi qərardır"./Teleqraf

Xəbər lenti