Xəzər Xəbər

Ramazan ayından sonra qidalanmada bunlara diqqət edin

Cəmiyyət | 18:34 • 25 May 2020
Ramazan ayından sonra qidalanmada bunlara diqqət edin

Müqəddəs Ramazan ayı bitdikdən sonar oruc tutanlar yenidən əvvəlki qidalanma rejiminə qayıdacaqlar. Orqanizmin 30 günlük rejimini dəyişdiyi zaman qidalanmada hansı məqamlara xüsusi diqqət yetirməliyik? Fəsadların olmaması üçün hansı qidalardan uzaq qalmağımız mütləqdir və hansı qidalar rasiona daxil olmalıdır?

Azərbaycan Milli Kulinariya Assosiasiyası İdarə Heyətinin, Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcilar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov mövzu ilə bağlı Teleqraf.com-a açıqlamasında bildirib ki, oruc tutan şəxslər Ramazan ayından sonra xüsusilə bol maye qəbul etməlidirlər:

"Ramazan ayında orqanizm susuz qalmaqla yanaşı, eyni zamanda az qidalanır. Buna görə orucluqdan sonra az qidalanmalı, yeməklərə çox yüklənməməliyik. Yediyimiz qidalara diqqət etməliyik ki, doyacağımız qədər yox, normada yeyək.

Bu prosesdə mədəni 3 hissəyə ayırmaq lazımdır: bir hissəsi yemək, bir hissəsi su, bir hissəsi isə hava üçün. Bəzi insanlar qədərindən artıq yeyir. Bu isə onların gələcəkdə artıq çəki almasına, mədəaltı vəzinin yüklənməsinə gətirib çıxarır, ürək-damar sisteminə öz mənfi təsirini göstərir. Ona görə də yaxşı olar ki, süfrədən doymamış qalxaq. Sudan normasında istifadə edilməlidir. Qidalarda şorbalara, təbii meyvə şirələrinə üstünlük verilməlidir. Meyvə şirələrini 50/50 su ilə qarışdıraraq içmək məsləhət görülür.

Təkcə Ramazan ayı və ya Ramazandan sonra deyil, il boyu qazlı içkilər və trans yağlar kimi qida dəyəri olmayan məhsullardan uzaq qalmaq lazımdır. Qidalanmada bol meyvə- tərəvəzlərdən istifadə edilməlidir. Ümumiyyətlə, bitki tərkibli qidaları, meyvə-tərəvəzi mövsümündə istehlak etmək lazımdır. Tərkibində GMO olma ehtimalı olduğu üçün, həmçinin heç bir qida dəyəri və orqanizmə faydası olmadığına görə, mövsümündən əvvəl və ya sonra meyvə-tərəvəzlərin istehlakı tövsiyə olunmur".

Ət məhsullarının istehlakına toxunan ekspert bildirib ki, bu qidalar tam qızarmış olmamalıdır: "Əks halda orada xərçəng hüceyrələrinin əmələ gəlmə şansı daha çoxdur. Yaxşı olar ki, burxarda bişmiş, yaxud da az yağda pörtlədilmiş ət məhsullarından istifadə etsinlər. Normanı keçməmək şərti ilə 180-200 qram arasında istehlak etmək olar. Karbohidratlardan düyü, qarabaşaq, bulqur, bitki mənşəli karbohidratlardan istifadə etmək olar. Bu da zülaldan 30 faiz az olmalıdır. Məsələn, 180 qram zülaldan istifadə olunursa, 60-70 qram karbohidrat istehlak edilməlidir. Nəzərə alsaq ki, biz su içib, göyərti istehlak edəcəyik, yediyimiz qidaların rasionuna diqqət etmək lazımdır ki, mədənin yüklənməməsi üçün həddi aşmayaq".

Ağa Salamov qeyd edib ki, Azərbaycan mətbəxi formalaşmış olduğu üçün, qarniri yeməyin içində hazır şəkildə olur: "Məsələn, milli yeməklərimizdən küftənin tərkibində zülal və karbohidratlar balanlaşdırılmış şəkildədir. Bir porsiyada 200 qram küftə, korbohidrat olaraq düyü, kartof var. Yeməyin suyu isə onun mineralıdır.

Lakin bəzi yeməklərimizdə karbohidrat və zülal miqdarı tarazlaşdırılmış şəkildə deyil. Məsələn, aş karbohidratdır və yemək zamanı aşqarası az istehlak olunur. Amma biz düyüdən az, qarasından çox istifadə etməliyik. Çünki insan orqanizminə lazım olan amin turşuları, zülallar ət və ət məhsullarında daha çoxdur. Ona görə də ilk olaraq orqanizmə faydalı olan qidalar arasında zülal tərkibli olanlar başda durmalıdır".

Xəbər lenti