Xəzər Xəbər

Koronavirus Azərbaycanda təhlükəli ssenari üzrə davam edir - Xilas yolu nədir?

Cəmiyyət | 16:52 • 31 Mart 2020
Koronavirus Azərbaycanda təhlükəli ssenari üzrə davam edir - Xilas yolu nədir?

Koronavirus pandemiyası dünyada ən pis ssenari üzrə inkişaf edir. Çində başlayan, İranda yayılan, İtaliyada kütləvi ölümlərə səbəb olan epidemiya artıq dünyanın bütün ölkələrində təhlükəli vəziyyət yaradıb.

Dünyada 788552 insan bu epidemiyaya yoluxub, 37878 nəfər ölüb.

Epidemiya Çində peyda olsa da, bu gün ən çox yoluxma faktı ABŞ-da (164 610), ən çox ölüm faktı isə İtaliyadadır (11591). Ölüm faktına görə İspaniya (7716), Çin (3187), Fransa (3024), İran (2757), İngiltərə (1408) və digər ölkələr ardarda sıralanır. Yoluxma və ölüm faktının hər keçən gün daha sürətlə artması isə pandemiyanın mənfi ssenari üzrə inkişaf etdiyini təsdiqləyir.

Azərbaycanda da eyni ssenari müşahidə olunur: 273 yoluxma, 4 ölüm faktı. Bir gün ərzində (30 mart) 64 yeni yoluxma faktının qeydə alınması artıq bizim ölkədə də epidemayanın əhali üçün real təhlükə mərhələsinə qədəm qoyduğunu göstərir.

Hökumətin əlindən gələni edir, xüsusi karantin rejiminin tətbiqi, ardınca qaydaların daha da sərtləşdirilməsi fonunda indiyə qədər 30 minə yaxın test keçirilib. Müxtəlif karantin zonalarına yerləşdirilən 4085 nəfərin müayinəsi ilə bağlı müvafiq addımlar atılır.

Azərbaycan koronavirusla mübarizədə ən effektli olan karantin strategiyası ilə yanaşı, Cənubi Koreyada tətbiq olunan daha çox testin keçirilməsi strategiyasını da həyata keçirir. Məqsəd maksimim səviyyədə vətəndaşların sağlamlığının qorunması, ölkəmizin bu ümumbəşəri bəladan xilas edilməsidir.

Hökumət üzərinə düşəni edir, bəs vətəndaşlar?!

Karantin rejimi sərtləşdirilsə də hələ də bəzi vətəndaşların epidemiyanı ciddiyə almadığı və "evdə qal” çağırışına əməl etməməsi müşahidə olunur. Hətta zəruri olmadığı halda evdən çıxan və heç bir qorunma vasitəsindən istifadə etməyən insanlar var. Onlar qorunmur, ictimai nəqliyyatda məsafə saxlamaq qaydalarına əməl etmir, potensial epidemiya daşıyıcısına çevrilir, əvvəlcə doğmalarını, sonra getdiyi yerlərdə hər kəsi virusa yoluxdurur. Yoluxma halının hər keçən gün artması və ölkə daxilində insandan insana keçməsi bunun belə olduğunu sübut edir.

Pandemiyanın dünyada mənfi ssenari üzrə inkişafı, Azərbaycanda da eyni ssenari üzrə davam etməsi yoluxma halının getdikcə daha da çoxalacağı ehtimalını gücləndirir. Məsuliyyətsizlik etmək, evdən çıxmaq və qorunmamaq bu ehtimalın reallaşmasında əsas vasitədir. Virusun ən çox yayıldığı və kütləvi ölümə səbəb olduğu ölkələrin təcrübəsi bunu təsdiqləyir.

41 495 nəfərin yoluxduğu, 2757 nəfərin öldüyü qonşu İranın Şərif Texnologiya Universitetində professor Əli Naki Meşayihinin rəhbərliyi ilə hazırlanan hesabat karantin rejiminə əməl edilməyəcəyi təqdirdə təhlükənin hansı miqyasa çatacağını anlamağa imkan verir. Hesabatda üç ssenari təqdim olunur.

Birinci ssenari karantinin sərtləşdirilməsi və xalqın virusdan qorunması üçün tövsiyələrə tam əməl etməsidir. İnsanların 80 faizinin izolyasiyada qalacağı bu ssenaridə aprel ayının əvvəlinə qədər yoluxma sayının 120 min, ölü sayının isə 12 min olacağı proqnozlaşdırılır.

İkinci ssenariyə görə, karantin qaydaları tam həyata keçirilməsə və insanların təmas səviyyəsi 50 faiz olarsa, aprel ayının əvvəlinə qədər yoluxma sayı 300 min, ölü sayı 110 min civarında olacaq.

Üçüncü ssenari isə qeyd olunur ki, karantin tətbiq edilməsə və insanlar virusdan qorunmaqla bağlı tövsiyələrə əməl etməsə, virusun yayılma sürəti 65 faizə qədər artacaq. Nəticədə yoluxma sayı 4 milyon, ölü sayı isə 3 milyon 500 min civarında olacaq.

Bu, İran üçün hazırlanmış ssenarilərdir, hərçənd, bütün ölkələrdə karantin rejiminin və evdə qal çağırışının əhəmiyyətini göstərir.

Evdə qalmaq və tətbiq olunan qaydalara əməl etmək yeganə doğru seçimdir. Hər-halda 20 gün evdə qalmaq 20 gündən sonra ölməkdən daha yaxşıdır.

Xəbər lenti