Xəzər Xəbər

Tibbi maskaların qiyməti artır

Cəmiyyət | 14:02 • 18 Fevral 2020
 Tibbi maskaların qiyməti artır

Apteklərdə satılan sadə tibbi maskaların qiyməti artır. 

Xezerxeber.az-ın məlumatına görə, Çində qeydə alınan və hazırda dünyanın bir çox ölkəsində müşahidə olunan ölümcül koronavirusun yayılmasından sonra tibbi maskalar bahalaşır. 

Məsələn, Bakıda 10 qəpiyə satılan tibbi maskalar bir müddət əvvəl 20 qəpik olub. Hazırda isə apteklərdə tibbi maskalar 25 qəpiyə təklif edilir. 

Qeyd edək ki, Azərbaycanda bu virusa yoluxma halı qeydə alınmayıb. Amma buna baxmayaraq, paytaxtda maska ilə gəzənlərin sayı artıb. 

Xatırladaq ki, bu günlərdə Nazirlər Kabineti "Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərar verib. Nazirlər Kabineti nəzərə çatdırır ki, yeni koronavirus (2019-nCoV) xəstəliyinin dünyada geniş yayılması ilə əlaqədar olaraq ölkə ərazisindən müxtəlif yollarla bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) kütləvi şəkildə aparılması halları aşkar edilib. Bunu nəzərə alaraq, Nazirlər Kabinet yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan Respublikasının ərazisindən aparılması məhdudlaşdırılması barədə qərar verib. 

Səhiyyə Nazirliyi, Xarici İşlər Nazirliyi və Dövlət Gömrük Komitəsi bu qərardan irəli gələn məsələləri həll eməlidirlər.


Bu Qərar 2020-ci il mayın 1-dək qüvvədədir.

Onu da bildirək ki, Çində koronavirusdan ölənlərin sayı 1868 nəfərə yüksəlib. Bu barədə Çinin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb.


Bildirilib ki, virusa yoluxanların 12.5 mindən çoxu sağalaraq xəstəxanalardan buraxılıb.


Məlumata görə, ölkədə gün ərzində koronavirusdan 98 nəfər ölüb, 1701 nəfər isə sağalıb. Sutka ərzində yoluxanların sayı 1,8 min artaraq ümumilikdə 72,4 min nəfəri keçib.

Xəbər lenti