Xəzər Xəbər

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Cəmiyyət | 12:05 • 6 Yanvar 2020
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Son günlər ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə edilir. Qarın və yağışın yağması nəticəsində küçə və yollarda çirkli su və palçıq yaranır. Bu səbəbdən avtomobillərin, o cümlədən onların dövlət qeydiyyat nişanlarının təmiz saxlanılmaması müşahidə olunur. Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi növbəti dəfə xəbərdarlıq edib.


Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib ki, "Yol hərəkəti haqqında” Qanunun tələbinə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir. Hazırda qış mövsümü ilə əlaqədar küçə və yollarda çirkli su və ya palçığın yaranma ehtimalının artığı səbəbindən sürücülər avtomobillərin, o cümlədən onların dövlət qeydiyyat nişanlarının təmiz saxlanılmasına daha çox diqqət yetirməlidirlər. Lakin bəzi sürücülərin havaların yağışlı, çiskinli olmasını bəhanə gətirərək avtomobillərinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamamaları, hətta bilərəkdən nişanların üstünü süni şəkildə bir az da çirkləndirmələri yolverilməzdir.


Şöbə rəisi qeyd edib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.1.7-ci maddəsinin tələbinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılmamasına görə 40 manat məbləğində cərimə nəzərdə tutulur.

Xəbər lenti