Xəzər Xəbər

Yol polisindən sürücü və piyadalara küləklə bağlı XƏBƏRDARLIQ

Cəmiyyət | 16:52 • 30 Noyabr 2019
Yol polisindən sürücü və piyadalara küləklə bağlı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, 02.12.2019-cu il tarixdən etibarən ölkə ərazisində, xüsusilə Abşeron yarımadasında hava şəraitinin güclü küləklə müşayət olunan kəskin dəyişməsi gözlənilir.

Xezerxeber.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan hava şəraiti ilə əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərin və nəqliyyat vasitələrinin sahiblərinin diqqətinə çatdırır ki, yola çıxmazdan əvvəl mütləq nəqliyyat vasitələrinin texniki vəziyyətini nəzərdən keçirsinlər, aşkar olunan nasazlıqları aradan qaldırsınlar və mümkün qədər günün işıqlı vaxtı yola çıxmağa üstünlük versinlər.

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha diqqətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

Sürücülər idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməli, açıq ərazilərdə sürəti azaltmalı, qəfil manevr və ya kəskin tormazlama etməməli, zərurət olmadan ötmə əməliyyatı aparmamalıdırlar.

Nəqliyyat vasitələrini irigövdəli ağaclardan habelə köhnə tikili obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməlidir.

Küləkli hava şəraitində bütün hərəkət iştirakçıları, o cümlədən piyadalar daha da ehtiyatlı olmalı, yolun piyadalar üçün nəzərdə tutulmuş hissəsindən istifadə etməlidirlər.

Baş Dövlət Yol Polisi İdarəsi hər birinizə təhlükəsiz yol arzu edir!

Xəbər lenti