Xəzər Xəbər

Qanunsuz balıq ovuna görə 182 nəfər məsuliyyətə cəlb olunub

Cəmiyyət | 15:59 • 11 Oktyabr 2019
Qanunsuz balıq ovuna görə 182 nəfər məsuliyyətə cəlb olunub

"2019-cu ilin 9 ayı ərzində Su Nəqliyyatında Polis İdarəsinin İstintaq bölməsində 96 cinayət işinin araşdırılması aparılıb, əməkdaşlar tərəfindən ekoloji hüquqpozmalar sahəsində 84 inzibati xəta faktı aşkar edilib".


Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) keçirilən dəyirmi masada Daxili İşlər Nazirliyi Su nəqliyyatında polis idarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin rəisi Elmir Süleymanov deyib.


Ekoloji cinayətkarlığa, brakonyerliyə qarşı mübarizə sahəsində Xəzər dənizində və respublikanın digər sututarlarında keçirilən tədbirləri diqqətə çatdıran E. Süleymanov cinayət və inzibati xəta törətdiklərinə görə 182 nəfərin məsuliyyətə cəlb olunduğunu, onlardan qanunsuz balıq ovunda istifadə olunan 45 ədəd qayıq, 241 tor, 9 mühərrik və başqa ov vasitələri, 9 ton 444 kq müxtəlif növ balıq, 4011 ədəd krivet və digər su bioresursları götürüldüyünü bildirib: "Cinayət hadisələri nəticəsində təbiətə 42 min manat ziyan vurulub, bundan istintaq zamanı 20 min manatı ödənilib. İnzibati xəta faktları törədənlər isə 6780 manat cərimə edilib".


Onun sözlərinə görə, Su Nəqliyyatında Polis İdarəsinin rəhbərliyinin göstərişi ilə polis əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq edilərək qeyri-qanuni, kustar üsulla hisə verilmiş balıq məhsulları hazırlayan şəxslər aşkar edilib, barələrində tədbir görülməsi üçün materiallar aidiyyəti üzrə Qida Təhlükəsizliyi Agentliyinə göndərilib: "Eyni zamanda, Xəzər dənizi akvatoriyasında və respublikanın digər sututarlarında keçirilmiş tədbirlər nəticəsində partlayıcı maddələrdən və elektrik gücləndiricilərdən istifadə edərək balıq ovlayan şəxslər müəyyən edilərək barələrində qanuna müvafiq tədbirlər görülüb. Xəzər dənizinin sahilində Yerin təkinin qorunması və istifadə qaydalarını pozaraq qanunsuz qum, balıqqulağı yüklədiklərinə görə vətəndaşlar saxlanılıb, sənədləşdirilib və təhqiqata təhvil verilib”.


ETSN rəsmisi deyib ki, son vaxtlar ölkə ərazisində akvakulturanın inkişafı, süni göllərin yaradılması nəticəsində yeni iş yerlərinin açılması ilə əlaqədar brakonyerliklə məşğul olanların sayı azalıb.

Xəbər lenti