Xəzər Xəbər

Məleykə Abbaszadə: “Müəllimlərin təlimlərə cəlbi çox vacibdir və buna görə utanmaq lazım deyil”

Cəmiyyət | 15:30 • 27 Sentyabr 2019
Məleykə Abbaszadə: “Müəllimlərin təlimlərə cəlbi çox vacibdir və buna görə utanmaq lazım deyil”

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Kolumbiya Universitetinin professoru Amra Sabic-El-Rayessin Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının (IAEA) iştirakçılarına müraciətini şərh edib.


Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib ki, hansısa dili öyrənmək üçün o dilin mühitində yaşamaq, həmin dildə olan ədəbiyyatları mütəmadi oxumaq, televiziyada həmin dildə olan verilişlərə baxmaq, danışmaq lazımdır. M.Abbaszadə qeyd edib ki, müəllimlər Sovet təhsil sistemində ali təhsil alan zaman onların bu cür kompetensiyalar əldə etmək imkanları olmayıb: "Bəlkə də onların hansısa kompetensiyaları var, qrammatikanı bilirlər və belə təsəvvür edirlər ki, dili də bilirlər. Ancaq real kompetensiyalar beynəlxalq imtahanlarla yoxlanıldıqda onların bacarıqlarının kifayət qədər olmadığı müəyyən olunur. Bu da müəllimlərin ilk növbədə təlimə cəlb edilməli olduğunu tələb edir. Bu, çox vacibdir və buna görə utanmaq lazım deyil. Bu təkcə bizim ölkədə deyil. Sovet təhsil sistemindən bizə çox şey, o cümlədən "Sovet English" tədris sistemi qalıb. Biz artıq təlim prosesini müasir ingilis dilinin tələblərinə uyğun olaraq qurmalıyıq. Təhsil həm orta, həm də ali məktəblərdə bu cür təşkil edilməlidir".


Məleykə Abbaszadə bildirib ki, 1990-cı illərdə orta məktəblərdə ingilis dilini ən yaxşı bilən müəllimlər neft şirkətlərinə işə qəbul olunub və təhsil sistemindən uzaqlaşıblar: "İndi də xarici dili yaxşı bilən gənclər çox zaman məktəbə işləməyə getmir və özləri üçün başqa bir yerdə iş tapırlar. İngilis dilini bilənlər üçün bütün Avropanın əmək bazarı açıqdır. Bizim üçün ingilis dilini kütləvi bilmək vacibdir. Hər bir vətəndaş heç olmasa bir müasir Avropa dilini yaxşı bilməlidir. Bu, bizim gələcək məqsədimizdir".


DİM-in Direktor Şurasının sədri eyni zamanda qeyd edib ki, Azərbaycanda keçirilən imtahanlardakı tələblər də müasir ingilis dilinin tələblərinə uyğun olmalıdır.


Qeyd edək ki, Kolumbiya Universitetinin professoru müraciətində bildirib ki, Azərbaycan iqtisadi inkişaf və beynəlxalq əməkdaşlığın yeni sahələrinin stimullaşdırılması üzərində işləyir. Lakin bununla yanaşı, təhsil sektorunda da xarici dilin öyrədilməsinə xüsusi diqqət yönəldilməlidir. Onun sözlərinə görə, Azərbaycanın milli statistikası göstərir ki, ingilis dili müəllimlərinin dörddə bir hissəsinin ali təhsili yoxdur: "Hətta ali təhsili olan müəllimlər belə dərs dedikləri fənn üzrə çox az kompetensiyalara malikdirlər. Azərbaycanın üzləşdiyi digər və bəlkə də ən mühüm məsələ odur ki, universitetlər yalnız tədris mərkəzləridir, araşdırma mərkəzləri deyil. Universitetlərin tədqiqat institutlarına çevrilməsi təhsildə daha böyük struktur və mədəni keçidi tələb edəcək. Azərbaycanın inkişaf yolu təhsildə ruhlandırıcı və transformasiyalı tarixçələrin mövcud olduğunu bizə öyrədir. Lakin müsbət dəyişiklik üçün çox zaman güclü siyasi iradə lazım gəlir. Hökumətin resurs öhdəliyi, onun faktlara və tədqiqata əsaslanan yeni təcrübələr və siyasət ortaya qoyması qətiyyətli nəticələr verə bilər. Azərbaycanın standartlaşdırılmış test təcrübələrinin transformasiyasında əldə etdiyi uğurun şahidi olduqca ümid edirəm ki, Azərbaycan millətin təhsili və iqtisadiyyat arasında daha geniş əlaqəni uğurla inkişaf etdirəcək”. (APA)

Xəbər lenti