Xəzər Xəbər

Bu il peşə təhsili müəssisələrinə 12 min 562 nəfər qəbul olunub

Cəmiyyət | 17:09 • 10 Sentyabr 2019
Bu il peşə təhsili müəssisələrinə 12 min 562 nəfər qəbul olunub

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul olunmaq üçün 16 min 500 namizəd müraciət edib.


Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, müraciət edən namizədlərin 12 min 562 nəfəri müsabiqədən uğurla keçərək seçdikləri ixtisas üzrə peşə təhsili müəssisələrinə qəbul olunub.


Xatırladaq ki, peşə təhsili müəssisələrinə sənəd qəbulu "ASAN xidmət” mərkəzlərində, belə mərkəzlərin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada aparılıb. Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə keçirilib. Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəbulu müsabiqədənkənar aparılıb.


Qəbul iki mərhələdən ibarət olub. Birinci mərhələ avqustun 5-dən 20-dək davam edib. Bu müddət ərzində 11 min namizədin müraciəti qeydə alınıb, namizədlərdən 8 min 808 nəfəri qəbul olunub. İkinci mərhələdə - avqustun 28-dən sentyabrın 5-dək 5 min 500 nəfər qeydiyyatdan keçib, onlardan 3 min 754-ü müsabiqədə uğur qazanıb.

Xəbər lenti