Xəzər Xəbər

Günəbaxan tumları mədə turşuluğunu tənzimləyir

Cəmiyyət | 15:39 • 26 Avqust 2019
Günəbaxan tumları mədə turşuluğunu tənzimləyir

Günəbaxan tumları essensial yağ turşuları, vitaminlər və mükəmməl mineral qaynağıdır. Tərkibindəki E vitamini və fol turşusu ilə ürək-damar xəstəliklərinin qarşısını alır, antiosksidant təsir göstərməklə yanaşı, orqanizmi sərbəst radikallardan qoruyur. Həmin tumlar hüceyrələrə dəyə biləcək zərəri aradan qaldırmaq və beyin sağlamlığını qorumaq qabiliyyətinə malikdir.


Günəbaxan tumunun tərkibində olan təbii fol və yağ turşuları damar xəstəliklərinin sağalmasına kömək edir, bağırsaqlarda olan toksinlərin orqanizmdən xaric olunmasına yardım edir və bununla da xərçəng riskini və xolesterolu azaldır.


Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov AZƏRTAC-a deyib: "Günəbaxan tumlarının insan orqanizmi üçün bir neçə əhəmiyyəti var. Həzm prosesini yaxşılaşdırır, mədə turşuluğu yüksək olanda prosesin tənzimlənməsinə səbəb olur və doyma hissi yaradır. Müəyyən müddət qəbul edəndə onun yaratdığı doyma hissi qida qəbul olunmasına ehtiyac yaratmır və bu, çəkinin azalmasına səbəb olur”.


Günəbaxan tumları orqanizmdə olan iltihab əlamətlərinin də aradan qaldırılmasında güclü təsirə malikdir. Tərkibindəki maqnezium və kalsium sümük sisteminin möhkəmlənməsinə yardım edir, sümük toxumasının əriməsinin qarşısını alır. Bu bitki əzələlərin rahatlaşmasına səbəb olur, qan təzyiqini aşağı salır, immuniteti artırır. Günəbaxan tumları saçların uzanması üçün lazın olan vitamin və minerallarla zəngindir. Protein qaynağı olan günəbaxan tumları saçların canlılığını artırır, dərinin tez qocalmasını tənzimləyir.

Xəbər lenti