Xəzər Xəbər

Açıq şəraitdə satılan qidalar alarkən diqqətli olun

Cəmiyyət | 15:57 • 23 Avqust 2019
Açıq şəraitdə satılan qidalar alarkən diqqətli olun

Metro çıxışlarında, keçidlərdə və digər yerlərdə qidaların açıq və səyyar satışı gündən-günə artır. Həmin yerlərdə təmizlik işləri aparılan zaman bütün toz-torpaq qidalara hopsa da, insanlar yenə də bu məhsulları almağa davam edir.

Mütəxəssislər hesab edirlər ki, açıq şəraitdə satılan qidalara külək vasitəsilə yayılan bir çox mikroblar bulaşır.

Bunun qarşısını almaq üçün hansı tədbirlər görmək lazımdır?

Azad İstehlakçılar Birliyinin sədriEyyub Hüseynov Oxu.Az-a bildirib ki, qida sənayesi ilə məşğul olan hər kəs Qida Təhlükəsizliyi Agentliyində reyestrdən keçməlidir:

"Agentliyin onlara icazə verib-verməməsi məsələsi isə sonrakı prosesdir. Çox təəssüf ki, bu işlərlə məşğul olan sahibkarların böyük əksəriyyəti agentliyin reyestrinə daxil olmayıb. Ona görə də onların fəaliyyətini qeyri-qanuni hesab etmək olar. Həmin yerlərdə sanitar vəziyyət bərpa olunmalıdır. Hesab edirəm ki, agentlik bununla bağlı işlər görəcək".

Həmin yerlərin bağlanmasına gəlincə, E.Hüseynov qeyd edib ki, heç bir müəssisənin fəaliyyətinin dayandırılmasının tərəfdarı deyil:

"Sadəcə, onların qanun çərçivəsində fəaliyyət göstərməsini təmin etmək lazımdır".

Qida Təhlükəsizliyi AgentliyindənOxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qaydalara əməl edilmədən, antisanitar şəraitdə satılan məhsulun istehlakı qida zəhərlənmələrinin, kəskin mədə-bağırsaq xəstəliklərinin yaranması riskini artıra bilər:

"Açıq şəraitdə qida məhsullarının hazırlanması, saxlanılması şəraitinə və temperatur rejiminə mütləq əməl edilməlidir. Dondurma, meyvələr, giləmeyvələrin və s. izotermal və ya soyudulmuş qablarda satılması şərtlərinə əməl edilməlidir.

Ərzaq məhsullarının satıcı tərəfindən evdə saxlanılması, məhsulun çantada, karton qutularda və ya digər təsadüfi qablarda satışı yolverilməzdir. Eyni zamanda, tez xarab olan qida məhsulları mütləq soyuducularda +4və +6 dərəcə temperaturda saxlanılmalıdır".

Qeyd olunub ki, isti yay günlərində küçələrdə, günəş şüaları altında plastik qablarda ərzaq məhsulları, xüsusilə qazlı və qazsız içkilərin satışı yolverilməzdir. Ərzaq məhsullarının vitrində yerləşdirilməsi təmin edilməlidir:

"Ticarət yerinə yaxın ərazidə məişət tullantıları konteynerləri saxlanmamalı, işlənmiş qablar iş bitdikdən sonra gündəlik olaraq ərazidən kənarlaşdırılmalıdır.

Vətəndaşların açıq şəraitdə satılan qida məshulları ilə bağlı şübhələri olarsa, bu barədə konkret faktlarla Agentliyin 1003 "Çağrı Mərkəzi"nə zəng edib məlumat verə bilərlər".

Xəbər lenti