Xəzər Xəbər

Ülvi Mehdiyev: “Hazırda 10 ölkədə “ASAN xidmət” modelinin tətbiqi ilə bağlı iş aparılır”

Cəmiyyət | 10:20 • 19 İyul 2019
Ülvi Mehdiyev: “Hazırda 10 ölkədə “ASAN xidmət” modelinin tətbiqi ilə bağlı iş aparılır”

"Müasir texnologiya və innovasiyaların dövlət xidmətlərinə tətbiqi çox böyük fayda gətirir. Bunun əyani sübutu Azərbaycandır”.


Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Mərkəzinin sədri Ülvi Mehdiyev "Dövlət sektorunda rəqəmsal transformasiya və innovasiyalar” proqramının açılış mərasimində çıxışı zamanı bildirib.


Onun sözlərinə görə, Azərbaycanda innovasiya və müasir texnologiyalardan istifadəyə kifayət qədər vaxtında başlanılıb: ""ASAN xidmət”in özü konsepsiya kimi 2012-ci ildə ölkə Prezidentinin təşəbbüsü ilə yaradılıb. Bu konsepsiyanın əsas mahiyyəti dövlət xidmətləri sahəsində müasir innovasiyaların tətbiqindən ibarətdir. Bu uyğunlaşma öz effektiv nəticəsini verdi. "ASAN xidmət”ə bu gündən qədər 30 milyondan çox müraciət daxil olub. Bu, bir konsept kimi BMT tərəfindən birinciliyə layiq görülüb və artıq digər ölkələrə də ixrac olunur. Konkret olaraq hazırda 10 ölkədə "ASAN xidmət” modelinin tətbiqi ilə bağlı ciddi iş aparılır, sazişlər imzalanır. Həmin ölkələrdə bizim qruplar işləyir. Bu yaxınlarda Bakıda BMT-nin dövlət xidmətləri forumu keçirildi. Bu, ilk forum idi ki, Şərqi Avropa regionunda təşkil olunmuşdu. Bu forum keçirilmədən əvvəl namizəd ölkələr qiymətləndirilir. Forum o ölkələrdə keçirilir ki, orada dövlət sektorunda innovasiyalar tətbiq edilsin, islahatlar aparılsın və bu islahatların nəticəsi olsun. Bu tədbirin Bakıda keçirilməsi də görülən işlərin BMT tərəfindən qiymətləndirilməsidir. Bizim üçün qürurverici hal budur ki, BMT Baş katibinin müavini BMT adından Azərbaycanı rəqəmsal texnologiyadan istifadə etdiyi üçün xüsusi mükafata layiq görüb”.


Ülvi Mehdiyev bildirib ki, müasir texnologiyalar sürətlə inkişaf edir: "Ayrı-ayrı inkişaf etmiş ölkələrdə süni intellekt həlləri tətbiq edilir. Biz bu sahədə geri qalmamışıq. Azərbaycan artıq innovasiyaların dövlət sektorunda tətbiqinə çalışan və buna maraq göstərən ölkələr arasında ön sıralardadır. Bu sahədə artıq müəyyən nəticələr əldə etmişik, bu inkişafdan da geri qalmamalıyıq. Azərbaycan süni intellektin tətbiqi sahəsində BMT ilə sıx əməkdaşlıq edir”. (APA)

Xəbər lenti