Xəzər Xəbər

Nazir müavini: “Azərbaycanda iş yerlərində risk əsaslı yoxlamalar tətbiq ediləcək”

Cəmiyyət | 14:40 • 11 İyul 2019
Nazir müavini: “Azərbaycanda iş yerlərində risk əsaslı yoxlamalar tətbiq ediləcək”

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Beynəlxalq Əmək Təşkilatının təşkilatçılığı ilə "Strateji əməletmə planlaşdırılmasına Beynəlxalq Əmək Təşkilatının yanaşması. Əməyin təftişi və məşğulluq siyasəti" mövzusunda keçirilən konfrans Beynəlxalq Əmək Təşkilatının əmək qanunvericiliyinə əməl olunması sahəsində yeni konsepsiyası ilə əlaqədardır. Bu, Strateji Əməletmə Konsepsiyası adlanır".


Bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib.


M. Kərimli deyib ki, əmək qanunvericiliyinə əməl olunması sahəsində indiyə qədər ənənəvi yanaşma mövcud olub: "Bu yanaşma da hadisələr baş verdikdən sonra reaktiv reaksiyanı nəzərdə tuturdu. Beynəlxalq Əmək Təşkilatının təklif etdiyi Strateji Əməletmə Konsepsiyası əmək qanunvericiliyinin tələblərinə riayət olunması sahəsində daha çox strateji əməletmə prinsipləri əsasında və proaktiv yanaşmanı təklif edir. Əmək qanunvericiliyinə riayət edilməsi gündəliyimizdə duran vacib məsələlərdən biridir. Dövlət Əmək Müfəttişliyi Xidməti öz mandatı çərçivəsində çalışır ki, əmək qanunvericiliyinin tələblərinə riayət olunması sahəsində dövlət nəzarətini tam şəkildə həyata keçirsin. Məlum olduğu kimi, 2015-ci ildə sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması barədə qanun qüvvəyə minib. Həmin qanuna əsasən, 1 yanvar 2021-ci ilə qədər sahibkarlıq subyektlərində yoxlamaların aparılmasına yol verilmir. Bu qanunun tələbləri nəzərə alınaraq, biz vətəndaşlardan və hüquqi şəxslərdən daxil olmuş ərizə və şikayətləri araşdırıb, onlara cavab veririk".


Nazir müavini qeyd edib ki, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi üçün Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Beynəlxalq Maliyyə Korporasiyası ilə yaxından əməkdaşlıq edirlər: "Məhz Strateji Əməletmə Konsepsiyasına uyğun olaraq, yaxın vaxtlarda Azərbaycanda Əməyin Mühafizəsi Fondunun yaradılması nəzərdə tutulur. Bu Fondun yaradılması bu sahədə işəgötürənlərlə daha proaktiv şəkildə işləməyə imkan verəcək. Eyni zamanda bu sahədə maarifləndirmənin, əməkdaşların bilik və bacarıqlarının artırılmasına öz töhfəsini verəcək".


M. Kərimli nəzərə çatdırıb ki, hazırda Beynəlxalq Maliyyə Korporasiyası ilə birlikdə yoxlamalara yeni bir yanaşma müəyyən edən konsepsiya hazırlanır: "Bu da risk əsaslı yoxlamaların həyata keçirilməsidir. 2019-cu ilin əvvəlindən Beynəlxalq Maliyyə Korporasiyası ilə artıq əməkdaşlığa başlamışıq. May ayında bununla bağlı Beynəlxalq Maliyyə Korporasiyası ilə bir memorandum da imzalanıb. Ümid edirik ki, tezliklə bu sahədə öz işlərimizi yekunlaşdıracağıq və yoxlamalarda risk əsaslı yanaşma təmin olunacaq".

Xəbər lenti