Xəzər Xəbər

Abşeronda yeni layihə Yarımada xəstəlikdən azad zonaya çevriləcək

Cəmiyyət | 14:48 • 17 May 2019
Abşeronda yeni layihə

Abşeron yarımadasını xəstəlikdən azad zonaya çevirməyə hazırlaşırıq.

XəzərXəbər-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, xəstəlikdən azad zonanın olması vacib məsələdir:

"Bu sadəcə pilot bir layihədir. Gələcəkdə Azərbaycanın bütün regionlarını əhatə edəcək. Bizim iki gün öncə sərgidə təqdim edəcəyimiz qida təhlükəsizlik göstəriciləri olan səhra laboratoriyaları da konseptin bir hissəsidir. Xəstəlikdən azad zona deyəndə həmin ərazinin heyvan mənşəli zonos xəstəliklərdən azad olunması nəzərdə tutulur”.

Qoşqar Təhməzli bildirib ki, layihə üçün Abşeron yarımadasının seçilməsi təsadüfi deyil:

"Bu layihənin üzərində beynəlxalq ekspertlər bizim yerli mütəxəssislərlə birlikdə rəylərini veriblər. Bu rəylərə əsasən, Abşeron müvafiq zona seçilib. Çünki burada köçəri heyvanlar az olması, xəstəliyin bir yerdən digər yerə daşınmaması əmsalı daha yüksəkdir. Onunla əlaqədar olaraq da burda bütün heyvanların identifikasiya sistemi və izlənməsi həyata keçiriləcək.

Ölkəyə idxal olunan və ölkədə doğulan heyvanın ölüm anına kimi keçirdiyi bütün xəstəliklərin qeydiyyatı aparılacaq. Bu da imkan verəcək ki, bilavasitə ət, süd məhsullarının təhlükəsizliyi təmin olunsun”, - deyə agentlik sədri qeyd edib.

Xəbər lenti