Xəzər Xəbər

Bakının məişət tullantılarının idarə olunması konsepsiyasının ilkin mərhələsi başa çatıb

Cəmiyyət | 17:46 • 13 May 2019
Bakının məişət tullantılarının idarə olunması konsepsiyasının ilkin mərhələsi başa çatıb

Dövlətimizin başçısının tapşırıqlarına əsasən paytaxt Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması işlərini aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdırmaq, paytaxtımızı gözəl məkana çevirmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bu işlərdə böyük təcrübəyə malik Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti ilə müqavilə bağlanılıb. Müqaviləyə uyğun olaraq, şirkət tərəfindən Bakı şəhərində məişət tullantıları ilə bağlı yeni konsepsiyanın hazırlanması işləri aparılır. Artıq bu işlərin birinci mərhələsi başa çatıb. Bu barədə xezerxeber.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.


Konsepsiyaya uyğun olaraq, əvvəlcə paytaxtın Nərimanov rayonunda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Monitorinq Mərkəzi yaradılib. Bu mərkəzdə şirkət tərəfindən Böyük Britaniyadan Bakıya ezam olunmuş iki mütəxəssis iki həftə ərzində Nərimanov rayonu ərazisindən yığılmış məişət tullantılarının kompozisiyasının araşdırılması işlərini aparıb. Eyni zamanda, məişət tullantılarının yığılma sahəsindən hansı çeşidləmə növlərinin tətbiqi və onların daşınmasında daha səmərəli marşrutların təyin olunması istiqamətində işlər aparılıb. Bu proses bir neçə ay ərzində başa çatdırılacaq və bu işlərin gedişinə paralel olaraq məişət tullantılarının yığılması üçün xüsusi qabların (konteynerlərin) ölçüləri, rəngləri, üzərində yazılacaq loqolar və ən əsası, əhali arasında maarifləndirmə işlərinin aparılması nəzərdə tutulub. Bu layihə uğurla nəticələnəcəyi halda ətraf mühit üçün böyük müsbət təsirlər, həm də Bakı şəhəri üçün iqtisadi faydalar verəcək, regiondakı digər şəhərlər üçün də gələcəkdə başlanğıc nöqtəsi olacaq.


Konsepsiya çərçivəsində artıq üç aya yaxındır ki, Bakı şəhərində işlər gedir, 7 rayonda (Səbail, Nərimanov, Yasamal, Nəsimi, Binəqədi, Nizami və Xətai) məişət tullantıları üçün yeni müasir konteynerlər qoyulub, digər rayonlarda da yeni konteynerlərin qoyulması nəzərdə tutulub. Konsepsiyanın başa çatdırılması və tam şəkildə həyata keçirilməsi işləri 2019-cu ilin sonu, 2020-ci ilin əvvəlinə nəzərdə tutulub.


Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılan Monitorinq Mərkəzində Böyük Britaniyanın Mott MacDonald şirkətinın nümayəndəsi Nik Vilson mətbuat nümayəndələrinə konsepsiya çərçivəsində görülən və nəzərdə tutulan işlər barədə ətraflı məlumat verib və jurnalistləri maraqlandıran sualları cavablandırıb. O bildirib ki, araşdırmaların məqsədi ilkin olaraq Nərimanov rayonunda toplanan məişət tullantılarının kompozisiyasını, yəni, hansı tip materialdan ibarət olduğunu və hər tip materialın miqdarının nisbətini öyrənməkdir. Təkrar emal oluna bilən tullantıların bu rayon üzrə kompozisiyası artıq müəyyən edilib. Araşdırma vaxtı mərkəzdə digər rayonlardan da bir partiya tullantı tərkibi barədə ilkin məlumatlar əldə edilib.


Nərimanov rayonu ilə bağlı isə araşdırmaların nəticəsi kimi, artıq bütün ilkin məlumatlar əldə olunub və bunun nəticəsində gələcək addımlar daha düzgün atılacaq.


Növbəti addımlar isə əhali arasında maarifləndirmə işlərinin aparılması və pilot araşdırmalar olacaq. Pilot araşdırmaların məqsədi Nərimanov rayonunda təkrar emal üçün tullantı konteynerlərinin yerləşdirilməsi və insanların yeni tullantı modelinə adaptasiyasının öyrənilməsidir. Konteynerlərdəki kompozisiyalar isə ayrıca ölçüləcək. Bu zaman həm də "Təmiz şəhər”lə əməkdaşlıq ediləcək, burada tullantıların daşınması işlərinin aparılması və vətəndaşların adaptasiyası prosesləri öyrəniləcək.


Tullantı axını modeli də hazırlanacaq. O, təqdim olunan demoqrafik məlumatlarla əlaqələndiriləcək (əhalinin sayı, gözlənilən orta artım, əhalinin gəlirləri, ərazidə yerləşən iri kommersiya obyektlərinin sayı və s.). Yəni, ümumi axın modeli əldə etmək üçün kompozisiya araşdırmalarının statistikasına demoqrafiq statistika da əlavə ediləcək.

Xəbər lenti