Xəzər Xəbər

Azərbaycanın ilk qadın metallurqun doğma şəhərində büstü qoyulub

Cəmiyyət | 09:14 • 10 May 2019
Azərbaycanın ilk qadın metallurqun doğma şəhərində büstü qoyulub

Artıq tarixinin 70–ci ilini yaşayan Sumqayıt onu qurub, yaradan, yaşadan insanları ilə həmişə fəxr edib. Bu gün şəhərin bir çox yaşayış binalarını zamanında əmək qəhrəmanlığı göstərən, şəhərin fəxri vətəndaş adına layiq görülən insanların xatirə lövhələri bəzəyir.


AZƏRTAC xəbər verir ki, Sumqayıtın yubiley proqramı çərçivəsində təşkil edilən növbəti tədbir Corat qəsəbəsində keçirilib. Keçmiş SSRİ-nin Sosialist Əməyi Qəhrəmanı, Sumqayıtın fəxri vətəndaşı və Azərbaycanın ilk qadın metallurqu Zəminə Həsənovanın büstünün açılışı olub.


Açılış mərasimi bəstəkar Ə.Tağıyev və şair R.Zəkanın vaxtı ilə adı əzbər olmuş metallurqa həsr etdikləri "Zəminə” mahnısının sədaları altında başlayıb.


Qəsəbədə 100 ildən çox fəaliyyət göstərən şəhər 7 nömrəli tam orta məktəbin şagirdlərin təqdim etdikləri bədii kompozisiya böyük maraqla qarşılanıb. Bildirilib ki, şəhərin tikilib-qurulmasında fədakarlıq nümunəsi göstərən Zəminə Həsənova 1918-ci il mayın 10-da Sumqayıtda, indiki Corat qəsəbəsində anadan olub. Sumqayıtda hörmət və nüfuz sahibi olan tanınmış metallurq əmək fəaliyyətinə Sumqayıt Elektrik Stansiyasında başlayıb. Böyük Vətən müharibəsi illərində Bakının vətəndaş müdafiəsi sistemində fəaliyyət göstərib. Müharibədən sonra əmək fəaliyyətini, SSRİ-nin metallurgiya nəhəngi sayılan "BTZ” zavodunda davam etdirib, operator, briqadir vəzifəsində çalışıb. Z.Həsənova dövlətin bir sıra orden və medalları ilə təltif olunub. O, həmçinin tanınmış ictimai xadim olub. Şəhər Soveti, respublika, və Sovet İttifaqının Ali Sovetinin bir sıra çağırışların deputatı seçilib. Göstərdiyi xidmətlərə görə 2002-ci ildə Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Zəminə Həsənova 2006-cı ildə Sumqayıt şəhərində vəfat edib. Onun yaşadığı binaya xatirə lövhəsi vurulub, artıq Sumqayıt şəhərinin mərkəzi küçələrin birinə Zəminə Həsənovanın adı verilməsi haqqında qərar qəbul edilib.


Zəminə Həsənova Sumqayıtda büstü qoyulan ilk sakindir.


Büstün açılışında Sumqayıt Şəhər İcra Hakimiyyəti, bələdiyyələr, hüququ-mühafizə orqanların və digər qurumların nümayəndələri iştirak ediblər.


Zəminə Həsənovanın ailə üzvləri dövlət başçısı İlham Əliyevə göstərdiyi diqqətə görə minnətdarlığını bildiriblər.

Xəbər lenti