Xəzər Xəbər

Seysmoloji Xidmət Mərkəzi ilə Strasburq Universiteti birgə layihələr həyata keçirə bilər

Cəmiyyət | 10:53 • 27 Aprel 2019
Seysmoloji Xidmət Mərkəzi ilə Strasburq Universiteti birgə layihələr həyata keçirə bilər

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Bakıda fəaliyyət göstərən Fransa-Azərbaycan Universiteti ilə əməkdaşlığa başlaması ilə bağlı Strasburq Universitetinin professoru Maksim Bano mərkəzdə olub.

RSXM-in informasiya şöbəsindən xezerxeber.az-a bildiriblər ki, mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli qonağı mərkəzdə aparılan elmi tədqiqatlar və alınmış elmi nəticələrlə tanış edib. Baş direktor Fransa-Azərbaycan Universiteti ilə RSXM arasında əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu qeyd edərək, tərəflər arasında memorandum imzalanmasının vacibliyini önə çəkib.

Maksim Bano Azərbaycanda aparılan seysmoloji tədqiqatların yüksək səviyyədə olduğunu deyib. Qonaq Fransa-Azərbaycan Universiteti ilə yanaşı, Strasburq Universiteti ilə RSXM-in birgə layihələr həyata keçirilməsinin də mümkün olduğunu bildirib.

Qeyd edək ki, Fransa-Azərbaycan Universitetinin təşəbbüsü ilə bu təhsil müəssisəsində yer elmləri üzrə təhsil alan tələbələr Respublika Seysmoloji Xidmət Mərkəzində təcrübə keçəcəklər. Bununla bağlı tərəflər arasında ilkin razılıq əldə olunub.

Xəbər lenti