Xəzər Xəbər

Sevdiyi qızın anasını bıçaqlayan şəxs məhkəmə zalında həbs edilib

Cəmiyyət | 11:48 • 26 Aprel 2019
Sevdiyi qızın anasını bıçaqlayan şəxs məhkəmə zalında həbs edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Əlibrahim Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. ONA-nın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ə.Səmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə iclas zalında həbs olunub.

İttihama görə, Səmədov qeyri-rəsmi münasibətdə olduğu Aytac Məmmədlinin anası Rübabə Məmmədovanı bıçaqlayıb. Belə ki, Rübabə Məmmədova qızının Əlibrahim Səmədovla münasibətinə etiraz edib. Hadisə günü Əlibrahim işdən çıxan Aytacı qarşılamağa gedib. Bu zaman Aytacın anası ilə rastlaşıb və aralarında mübahisə yaranıb. Ə. Səmədov cibində olan mətbəx bıçağı ilə R. Məmmədovanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan zərərçəkmişin həyatını xilas etmək mümkün olub.

Xəbər lenti