Xəzər Xəbər

Tələbələr Respublika Seysmoloji Xidmət Mərkəzində təcrübə keçəcəklər

Cəmiyyət | 18:39 • 18 Aprel 2019
Tələbələr Respublika Seysmoloji Xidmət Mərkəzində təcrübə keçəcəklər

Fransanın Strasburq Universitetinin Yer Elmləri Məktəbi və Rəsədxanasının direktor müavini, professor Alessia Maggi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub.


Mərkəzin informasiya şöbəsindən verilən məlumata görə, RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə görüşən qonaq Azərbaycanda aparılan seysmoloji tədqiqatların onlarda maraq doğurduğunu diqqətə çatdırıb.


Bakıda fəaliyyət göstərən Fransa-Azərbaycan Universitetində Yer Elmləri sahəsi üzrə mütəxəssislərin hazırlandığını deyən Alessia Maggi bildirib: "Biz öz tələbələrimizin Respublika Seysmoloji Xidmət Mərkəzində təcrübə keçməsinə maraqlıyıq. Çünki burda aparılan işlər, Seysmik Monitorinq Şəbəkəsinin fəaliyyəti yüksək səviyyədədir. Hesab edirik ki, qarşılıqlı əməkdaşlıq çərçivəsində tələbələrimiz mərkəzdə çox şey öyrənə bilərlər”.


Görüşdən əvvəl mərkəzin Seysmik Monitorinq Şəbəkəsində görülən işlərlə tanış olduqlarını bildirən qonaq, həmçinin RSXM-in alimlərinin Fransa-Azərbaycan Universitetində mühazirələrini təşkil etmək niyyətində olduqlarını vurğulayıb.


Q.Yetirmişli mərkəzdə elmi tədqiqatların kompleks şəkildə aparıldığını deyib. O, respublika ərazisində seysmoloji tədqiqatlarla yanaşı, geofiziki, geodinamik və geokimyəvi araşdırmaların aparıldığını və bütün sahələr üzrə əldə olunmuş nəticələrin ən müasir proqramlarla emal edildiyini diqqətə çatdırıb. Baş direktor Fransa-Azərbaycan Universiteti tələbələrinin RSXM-də təcrübə keçməsinin mümkün olduğunu qeyd edib.


Görüş zamanı fransalı qonaq RSXM-də görülən işlərə dair təqdimatla da tanış olub. O, təmsil etdiyi Strasburq Universiteti ilə RSXM arasında gələcəkdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.


Sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti