Xəzər Xəbər

On milyonuncu sakinin doğulması münasibətilə ağac əkilib

Cəmiyyət | 14:49 • 7 Aprel 2019
On milyonuncu sakinin doğulması münasibətilə ağac əkilib

Doğulan hər körpə dünyaya ümid, sevinc, sevgi və işıq, torpağa basdırılan hər fidan təbiətə canlılıq, təravət və gözəllik gətirir. Beşikdən boylanan süd qoxulu körpə dünyamızın, ana torpağın sinəsinə sancılan ağac tingi isə təbiətin davamı və sabahı deməkdir. O ki ola, dünyaya təzəcə gələn on milyonuncu Azərbaycan vətəndaşı!


Xezerxeber.az xəbər verir ki, aprelin 7-də paytaxtın Səbail rayonundakı Sahil parkında keçirilən ağacəkmə aksiyası ölkəmizin yeni doğulan on milyonuncu sakininin şərəfinə təşkil edilib.


Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşlarının və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən aksiyada 200 şam ağacı əkilib. Ağacəkmə aksiyasında icra hakimiyyətinin başçısı Vüqar Zeynalov və rayonun digər rəhbər işçiləri də iştirak ediblər.


Rayonda yaz mövsümü boyu yaşıllaşdırma tədbirləri davam etdiriləcək.


Xatırladaq ki, aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib. Bu münasibətlə paytaxtın bir sıra rayonlarında konsert proqramları təşkil edilib. Bu gün saat 17.00-da Dənizkənarı Milli Parkda konsert, 21.00-da isə atəşfəşanlıq olacaq.

Xəbər lenti