Xəzər Xəbər

Avropaya qış qayıdıb, bəs Azərbaycanda?

Cəmiyyət | 13:36 • 6 Aprel 2019
Avropaya qış qayıdıb, bəs Azərbaycanda?

Telman Zeynalov: "İstiləşmə deyil, soyuqlaşma prosesinə hazır olmalıyıq”

Avropanın bir çox ölkələrində, o cümlədən İngiltərədə hava şəraitinin kəskin dəyişməyə başlayıb. Böyük Britaniyada kəskin hava şəraiti ilə əlaqədar bir sıra hava uçuşlarında axsamalar olub, nəqliyyatda problemlər yaşanıb, bəzi yollar bağlanıb. Norson əyalətində isə yağan dolu-qar nəticəsində ölümlə nəticələnən yol qəzası baş verib.

Beləliklə, yaz mövsümü olmasına baxmayaraq Avropanın bəzi bölgələrinə demək olar ki, qış yenidən geri qayıdıb. Bəs Azərbaycanda da bu cür kəskin hava dəyişməsi gözlənilirmi?

Xatırladaq ki, bu il ölkəmizdə qış bir qədər mülayim keçsə də, yaz mövsümü çox sərt başladı. Hətta bir neçə gün bundan əvvəl paytaxt Bakıda havanın temperaturu xeyli aşağı düşdü, bölgələrdə qar yağdı. Ağacların yenicə çiçəkləndiyi zamanda bəzi bölgələrə qar yağması isə təbii olaraq narahatlıq doğurdu. Elə isə Avropaya qışın yenidən geri dönməsi ölkəmizdə də müşahidə oluna bilərmi?

Tanınmış ekoloq Telman Zeynalov sualımıza bu cür cavab verdi: "Son 20-25 ildə insanların beyninə yeridirlər ki, dünyada istiləşmə prosesi gedir. Bu tamamilə səhvdir. 2003-cü ildən bəri əksinə, havalar tədricən soyumağa başlayır. Bu barədə dəfələrlə açıqlama vermişəm ki, hazırda dünya istiləşməyə deyil, soyuq havalara doğru gedir. Biz əslində buna hazırlaşmalıyıq. Özümüz də müşahidə edəcəyik ki, zaman keçdikcə iqlim dəyişikliyi baş verəcək. İngiltərədə havanın kəskinləşməsi də onu göstərdi ki, buzlaşma dövrü yavaş-yavaş yaxınlaşır. Yəqin xatırlayırsız, bir neçə gün əvvəl ölkəmizin bəzi bölgələrinə qar yağdı. Hətta 31 mart günü Quba rayonunda oldum, həmin gün bölgəyə güclü qar yağmışdı. Deyərdim ki, bu günə qədər rayonda dağlara bu qədər qar yağdığını görməmişdim. Hər yer ağ örpəyə bürünmüşdü. Bu onu göstərir ki, yavaş-yavaş soyuq havalar gəlir və biz buna hazır olmalıyıq”.

Telman Zeynalov aprel ayında ölkəmizə qar yağması ehtimalı olmadığını bildirdi: "Güman etmirəm ki, bu ay ölkəmizə qar yağsın. Ola bilər ki, Avropaya qar yağır, bu təbiidir. Çünki soyuq hava kütlələri Şərqə doğru hərəkət edir. Ola bilsin ki, Şərqdə soyuqlaşma prosesi sərt keçsin”.

Qeyd edək ki, Milli Hidrometeorologiya Departamenti ümumilikdə aprel ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi günlərdə isə normadan bir qədər yüksək olacağı barədə məlumat yayıb. Məlumatda bildirilir ki, ölkədə aylıq yağıntının miqdarı iqlim normasına yaxın, əsasən dağlıq və dağətəyi rayonlarda bir qədər çox olacağı ehtimal olunur.

Bakı və Abşeron yarımadasında orta aylıq temperatur 11-14, bəzi günlərdə 21-26 dərəcə isti, Naxçıvan Muxtar Respublikasında 12-16, bəzi günlərdə 23-28 dərəcə isti, Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında 6-10, bəzi günlərdə 18-22 dərəcə isti, Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında 12-15 dərəcə, bəzi günlərdə 20-25 dərəcə isti olacağı gözlənilir. (Musavat.com)

Xəbər lenti