Xəzər Xəbər

Vəkilliyə qəbul üzrə imtahanın nəticələri açıqlanıb

Cəmiyyət | 15:05 • 30 Mart 2019
Vəkilliyə qəbul üzrə imtahanın nəticələri açıqlanıb

Martın 30-da Dövlət İmtahan Mərkəzinin Kompüter Mərkəzində Vəkillər Kollegiyası və Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilən vəkilliyə qəbul üzrə yazılı test imtahanının nəticələri açıqlanıb.


Vəkillər Kollegiyasından bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Kollegiyaya yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbulu üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq, cari ilin aprelində başlanan və daimi əsaslarla aparılan sənəd qəbulu nəticəsində 250 hüquqşünas vəkil olmaq üçün namizədliyini irəli sürüb. Üç saat davam edən imtahanda 236 nəfər iştirak edib. Onlardan 72 faizi - 171 nəfəri 60 və daha yüksək bal toplayıb. Ən yüksək nəticə göstərən namizəd 93 bal toplayıb.


Şəffaf şəraitdə keçirilən imtahan prosesini bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər və mətbuat nümayəndələri izləyiblər.


Kollegiya bildirir ki, vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsinin nəticələrindən şikayət vermək istəyən şəxslər aprelin 1-dən 3-dək +994 70 436-00-20 (Orxan Babayev) nömrəsi ilə əlaqə saxlaya bilərlər.


Vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsini uğurla keçmiş və şifahi müsahibə mərhələsində iştirak üçün tələb olunan sənədləri təqdim etməmiş namizədlər Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyənləşdirilən formada ərizə, şəxsiyyət vəsiqəsinin, ali hüquq təhsili barədə diplomun notarial qaydada, əmək kitabçasının notarial qaydada və ya iş yerində təsdiq edilmiş surətlərini, əqli cəhətdən sağlamlıq barədə tibbi arayışı, 3x4 və 4x6 santimetr ölçüdə 4 ədəd rəngli fotoşəkil, vəkilin şəxsi məlumat vərəqəsi və tərcümeyi-halı aprel ayı ərzində təqdim etməlidirlər.


Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının şifahi müsahibə mərhələsinin vaxtı ilə bağlı namizədlərə əlavə məlumat veriləcək.


Vəkilliyə qəbul üçün təqdim olunmuş sənədlərlə ilkin doldurulmuş ərizə-anket formasında qeyd olunmuş məlumatlar arasında ziddiyyət aşkarlanarsa və ya namizəd vəkilliyə qəbul üçün lazımi tələblərə cavab verməzsə növbəti mərhələyə buraxılmayacaq.

Xəbər lenti