Xəzər Xəbər

Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilir

Cəmiyyət | 12:29 • 30 Mart 2019
Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilir

Martın 30-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasına üzvlüyə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilir.


Dövlət İmtahan Mərkəzinin kompüter mərkəzində elektronlaşdırılmış qaydada aparılan imtahanda 238 namizəd iştirak edir.


Vəkilliyə sənəd qəbulunun daimi əsaslarla aparıldığı nəzərə alınaraq, Vəkillər Kollegiyasının və Dövlət İmtahan Mərkəzinin birgə əməkdaşlığı ilə təşkil olunan imtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid hər biri 1 balla qiymətləndirilən 100 test sualı təqdim olunur. Namizədlər arasında 60 mümkün bal toplaya bilənlər imtahanın növbəti – şifahi mərhələsində iştirak hüququ əldə edəcəklər. Nəticələr imtahandan dərhal sonra kompüter mərkəzində elan olunacaq və bu barədə Vəkillər Kollegiyasının internet səhifəsində (www.barassociation.az) məlumat veriləcək.


İmtahanın şəffaflığının təmin edilməsi məqsədilə bir çox yerli və beynəlxalq, habelə dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər və KİV nümayəndələri dəvət olunub.


Ən yaşlı namizədin 70, ən gəncinin isə 23 yaşı var. Namizədlərin 67 faizi Bakıdan, 33 faizi isə regionlardandır. Sevindirici haldır ki, imtahanda Azərbaycanın əksər regionları təmsil olunur. Bu isə gələcəkdə regionlarda vəkil çatışmazlığının aradan qaldırılmasına imkan verəcək. Namizədlərin 12 faizi xarici, 88 faizi yerli ali təhsil müəssisələrinin (52 faizi Bakı Dövlət Universiteti) məzunlarıdır.


Xatırladaq ki, "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarını müntəzəm keçirməklə Kollegiyaya yeni üzvlərin qəbul edilməsi üçün şəraitin yaradılması tövsiyə olunub. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar