Xəzər Xəbər

“Magistr” jurnalının 3-cü nömrəsində qəbul imtahanı proqramları təqdim olunub

Cəmiyyət | 15:30 • 15 Mart 2019
“Magistr” jurnalının 3-cü nömrəsində qəbul imtahanı proqramları təqdim olunub

Dövlət İmtan Mərkəzi (DİM) "Magistr” jurnalının 3-cü nömrəsini nəşr etdirib.

DİM-dən xezerxeber.az-a bildirilib ki, jurnalın bu nömrəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının bütün ixtisaslaşmalarına 2019/2020-ci tədris ili üçün qəbul imtahanı proqramları təqdim olunub. Proqramlar Azərbaycan və rus dillərində iki kitabçada hazırlanıb.

Hər bir bakalavr bu jurnalı əldə etdikdən sonar, ilk növbədə, "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" ilə diqqətlə tanış olmalı və II mərhələdə imtahan verəcəyi qəbul proqramını müəyyənləşdirməlidir. Bakalavrlar seçim cədvəli vasitəsilə bitirdikləri bakalavr ixtisasına uyğun magistratura ixtisaslaşmaları ilə tanış ola, müvafiq qəbul proqramının nömrəsini və ixtisaslaşmaların seçimi üçün tələb edilən minimal balı öyrənə bilərlər.

Qəbul imtahanının I mərhələsindəki nəticəsindən asılı olaraq hər bir bakalavr seçməyə hüququnun olduğu ixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməli və cədvəldə göstərilən müvafiq proqram əsasında imtahanın ikinci mərhələsinə hazırlaşmalıdır.

Bakalavrların nəzərinə çatdırılır ki, DİM Direktorlar Şurasının martın 12-də keçirilən iclasında müəyyən ixtisaslaşmalar üzrə müsabiqə vəziyyətinin yaranmasının təmin edilməsi üçün magistraturaya qəbul imtahanının I mərhələdəsindəki nəticələri bu mərhələ üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrların imtahanın ikinci mərhələsinə buraxılmaları barədə qərar qəbul olunub.

Jurnalın bu nömrəsində jurnalistika üzrə ixtisaslaşmaları seçmək istəyən bakalavrlar üçün keçiriləcək qabiliyyət imtahanı haqqında da məlumat verilib. Magistraturaya qəbul imtahanında yazılı imtahan verəcək bakalavrların yazılı cavablarına qoyulan tələblər də jurnalın bu nömrəsində təqdim olunub. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrların magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsində test imtahanı əvəzinə verəcəkləri qabiliyyət imtahanları barədə ətraflı məlumatla və müvafiq imtahan proqramları ilə jurnalın bu sayında tanış olmaq mümkündür.

Azərbaycan dilində olan jurnalı DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya http://www.abiturient.az/ saytından sifariş etmək olar.

Rus dilində olan jurnalın elektron versiyasını isə (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Xəbər lenti

Çox oxunanlar