Xəzər Xəbər

Azərbaycan dünyada su ehtiyatları az olan ölkələrdən biridir

Cəmiyyət | 17:43 • 4 Mart 2019
Azərbaycan dünyada su ehtiyatları az olan ölkələrdən biridir

Azərbaycan dünyada su ehtiyatları az olan ölkələrdən biridir.


Bunu AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Rasim Səttarzadə deyib.


"İqlim dəyişikliyi nəticəsində 1991-2017-ci illər ərzində Azərbaycanda havanın orta temperaturu 1,4 dərəcə yüksəldi və nəticədə atmosfer yağıntılarının miqdarı və bununla bilavasitə əlaqəli su ehtiyatlarımız da azaldı. Su problemlərinin kəskinləşməsi ona gətirib çıxardı ki, 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş BMT-nin Ətraf Mühit və İnkişaf Konfransında həyəcan təbili çalındı. Bundan sonra BMT Baş Assambleyasının qərarına əsasən 1993-cü ildən etibarən hər il martın 22-də Ümumdünya su günü qeyd olunmağa başladı. Bu günün keçirilməsində məqsəd su resurslarının qorunmasının təşviq olunmasıdır.


İlk baxışda dünyada suyun çox olduğu anlamına gəlmək olar. Çünki Yer kürəsinin 70 faizi su ilə əhatə olunub. Lakin bunun yalnız 2,5 faizi içməli sudur. Bilmək lazımdır ki, çayların payına ümumi su ehtiyatlarının cəmi 0,01 faizi düşür. Digər tərəfdən əhalinin sürətli artımı da su ehtiyatlarına təzyiqi artırır. Son 100 ildə sudan istifadə edənlərin sayı 7 dəfə artıb”, - deyə şöbə müdiri bildirib.


Rasim Səttarzadə deyib ki, gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün hamı sudan qənaətlə, səmərəli istifadə etməli, su itkilərinə yol verilməməli, içməli sudan texniki məqsədlər üçün istifadə məhdudlaşdırılmalıdır.


Biz gündəlik həyatımızda suya qənaət etməli, bunu davranış normamıza çevirməliyik, çünki XXI əsrin əsas problemlərindən biri məhz su problemi olacaq.

Xəbər lenti