Xəzər Xəbər

Müddətsiz əmək müqaviləsi birtərəfli qaydada müddətli müqavilə ilə əvəzlənə bilməz - Nazirlik

Cəmiyyət | 11:59 • 1 Mart 2019
Müddətsiz əmək müqaviləsi birtərəfli qaydada müddətli müqavilə ilə əvəzlənə bilməz -

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Suraxanı rayonunda "Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları” mövzusunda tədbir keçirib.


Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, tədbirdə bildirilib ki, əgər işçi ilə bağlanmış əmək müqaviləsində bu müqavilənin hansı müddətə bağlanması göstərilməyibsə, həmin müqavilə müddətsiz sayılır.


Müddətsiz əmək müqaviləsi isə hər iki tərəfin (işəgötürənin və işçinin) razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəzlənə bilməz.


Tədbirdə əmək münasibətlərinin rəsmiləşdirilməsi proseduru, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə məlumat verilib. Əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirildiyi və bu müqavilələrin işçilərin əmək və sosial müdafiə hüquqlarına əsaslı təminat yaratdığı vurğulanıb.


"Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusundan da bəhs olunub. İşçilərlə əmək müqaviləsi olmadan həyata keçirilən əmək münasibətlərinin işçinin gələcək sosial təminatına heç bir əsas, imkan yaratmayan qeyri-rəsmi məşğulluq halı olduğu, belə halların vergi və sosial sığorta daxilolmalarına da ciddi ziyan vurduğu bildirilib.


Tədbirdə Xətai və Suraxanı rayonlarından işəgötürənlər, Vergilər Nazirliyinin, həmkarlar təşkilatlarının nümayəndələri də iştirak edib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti