Xəzər Xəbər

Bu prospektdə piyadaların işi asanlaşır Keçid tikilir

Cəmiyyət | 15:13 • 15 Fevral 2019
Bu prospektdə piyadaların işi asanlaşır

Heydər Əliyev prospektində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaxınlığında piyadalar yolu keçməkdə çətinlik çəkir. Prospektdə sürət həddinin 110 saat/kilometr olduğunu nəzərə alsaq, piyadaların bəzən həyatı bahasına yolu keçmək məcburiyyətində qaldığını deyə bilərik.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Nəcəfli bildirib ki, hazırda bu problemin həll edilmək üzrədir.

"Bakı şəhəri, Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeraltı piyada keçidi tikilir. Piyada keçidinin uzunluğu 57,4 p/m; eni 4, 4 metr, hündürlüyü 3,2 metrdir”.

A.Nəcəflinin sözlərinə görə, qeyd olunan piyada keçidi bağlı qazma üsulu ilə tikilir:

"Piyada keçidinin 2019-cu ilin sonlarında təhvil verilməsi nəzərdə tutulub”.

Şöbə müdiri deyib ki, hazırda daha 3 yerdə yerüstü piyada keçidi də inşa edilir:

"Yerüstü piyada keçidləri Moskva prospekti (Şamaxı yolu deyilən ərazi), Mərdəkan-Zağulba yolunda, Qala-Pirallahı yolunda inşa edilir. Ən uzun yerüstü piyada keçidi Şamaxı yolu adlanan ərazidə inşa olunacaq. Keçidin giriş-çıxışla birgə uzunluğu 227 metrdir”.

AAYDA rəsmisi qeyd edib ki, daha 6 yerdə piyada keçidlərinin tikintisi nəzərdə tutulub:

"Piyada keçidləri Ceyranbatan qəsəbəsi, Hökməli dairəsi, Bakı-Ələt yolunun 39-cu km-i, Tbilisi prospekti-Həsən Əliyev küçəsi ilə kəsişmə, Neapol küçəsi-Heydər parkının yanı və Zığ şossesində tikiləcək.

Ümumilikdə isə Bakı və Bakı ətrafı yolarda 100-ə yaxın ərazidə yeraltı və yersüstü piyada keçidlərinin tikintisi ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub.

Bu təkliflər əsasında 2016-cı ildən indiyədək 25-ə yaxın yeraltı və yerüstü keçid tikilib. Son illər isə Bakı və Bakı ətrafı yollarda 39 yerüstü, 60 yeraltı keçid inşa olunub”.

Xəbər lenti