Xəzər Xəbər

Səyyar “ASAN Kommunal” Səbaildə

Cəmiyyət | 11:04 • 14 Fevral 2019
Səyyar “ASAN Kommunal” Səbaildə

Fevralın 14-dən 28-nə kimi səyyar "ASAN xidmət” çərçivəsində "Azəriqaz” İstehsalat Birliyi tərəfindən Bakı şəhərinin Səbail rayonunda səyyar formada xidmətlər həyata keçiriləcək.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, xüsusi tərtibatla hazırlanmış səyyar avtomobillər vasitəsilə birbaşa kütləvi sayğac dəyişikliyi olan ərazilərdə abonentlərə tam şəkildə "ASAN Kommunal” standartlarına uyğun xidmət göstərilməsi təmin ediləcək.

Vətəndaşlar bu çərçivədə itirilmiş və zədələnmiş smart kartın bərpası, borc və ödəniş barədə arayışların verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, koda düşmüş kartların bərpası, zədələnmiş sayğacla bağlı ödənişin qəbulu da daxil olmaqla ümumilikdə, 20 növ xidmətdən yararlana bilərlər.

Səyyar "ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

"ASAN xidmət”in fəaliyyəti ilə bağlı ətraflı məlumatı 108 "Çağrı” mərkəzinə zəng etməklə və ya www.asan.gov.az saytından əldə etmək olar.

Xəbər lenti