Xəzər Xəbər

Soyuq havada evin qızdırılması TƏLİMATLAR

Cəmiyyət | 15:41 • 17 Yanvar 2019
Soyuq havada evin qızdırılması

Havaların soyuması mənzillərimizi qızdırmaqda xeyli problem yaradır. Mərkəzləşdirilmiş istilik sistemi olmayan mənzillərin isə sayı paytaxtda çoxdur.

Öncə ondan başlayaq ki, evimizdəki və ya çalışdığımız ofisdəki mikroiqlim bir neçə parametrdən asılıdır ki, buna eyni zamanda havanın temperaturu da daxildir. Elmi hesablamalara görə, temperatur +20 dərəcədən +25 dərəcəyə qədər dəyişir. Bununla belə, hər insanın fərdi normaları var ki, bu, onun komfortlu yaşayışını təmin edir. Təbii ki, temperatur rejimi bir çox nüanslardan asılıdır. Qışda bu sual heç vaxt olmadığı qədər aktualdır. Və çoxmərtəbəli binaların sakinləri üçün də bu sual hər zaman aktualdır - mənzillərimizdəki batareyaların temperaturu və otağın havası necə olmalıdır?

Hansı otağı necə qızdıraq?

Bina evindəki temperatur norması konkret mənzilin yerləşdiyi yerdən asılıdır. Məsələn, onun şimal-cənub və ya qərb-şərq hissəsində yerləşməsi çox şeyi həll edir və ya dəyişir. Havanın atmosfer təzyiqi və ya rütubət birbaşa mənzilin temperaturuna təsir göstərir.

Mövsümün dəyişməsindən asılı olaraq, mənzildəki mikroiqlim dəyişə bilər. Məsələn, qışda temperatur o qədər də yüksək olmur. Amma yay vaxtında temperatur təbii ki, artır. Avropa iqlimi üçün soyuq havada evin temperaturunun orta hesabla +22 dərəcə, nisbətən mülayim havada isə +25 dərəcə olması normal sayılır. Belə fərq o qədər də böyük görünmür, amma bunu daimi norma kimi müəyyən edəndə ciddi məna daşıyır.

Mənzildəki müntəzəm və dəyişməz temperaturun müəyyənləşməsində orada yaşayan insanların rahatlıq norması əsas sayılır. Bəzi insanlar istidə özlərini yaxşı hiss edirlər, hətta bir çox hallarda evdə kondisionerdən də istifadə olunmur. Bəzi insanlar isə bayırda şaxta olduğu halda daim pəncərələri açıq saxlayır. Amma unutmaq olmaz ki, bəzən insanların tələbatları heç də hər zaman müəyyən edilmiş temperatur rejimi normalarına uyğun gəlmir. Evin soyudulması, habelə normadan artıq isinməsi insan orqanizmində, onun özünü necə hiss etməsində dəyişməz izlər qoya bilər.

Eyni zamanda temperatur norması fərqinin qadın və kişi cinsi arasındakı fərqə necə təsir göstərdiyini də unutmaq olmaz. Bu, bir neçə dərəcə miqdarında fərqlənə bilər. Belə ki, qadınlar kişilərə nisbətən soyuğa daha çox dözümlüdürlər. Balaca uşaqların yaşadığı mənzillərə xüsusi diqqət yetirmək lazımdır. Körpənin orqanizmində hələ termoqulyasiya sistemi inkişaf etməyib. Ona görə də o, digərlərindən daha tez isinə və soyuya bilər. Ona görə də evin uşaqlar olan otağında temperatur stabil olmalı, +22 dərəcə təşkil etməlidir.

Otağın təyinatından asılı olaraq temperaturun dəyişməsi də tənzimlənir.

İstirahət və yuxu üçün otaqda optimal temperatur +18 dərəcə təşkil edir. Məhz o, yuxusuzluqdan və özünü pis hiss etmədən qoruya bilər.

Mətbəx. Bu məkan havaya isti verən texniki əşyalarla doludur - mikrodalğalı soba, elektroçaydan, qaz plitəsi. Ona görə də burada olduqca yüksək temperatura ehtiyac yoxdur.

Vanna otağı. Burada temperatur +25 dərəcə sərhədində olmalıdır. Belə ki, buradakı rütubət digər otaqdakılardan yetərincə yüksəkdir və orada insanlar adətən paltarsız vəziyyətdə olurlar. Aşağı temperaturda dərhal rütubət və diskomfort özünü göstərəcək.

Uşaq otağı. Bu otaqda temperatur dəyişkən ola bilər və uşağın yaşından asılıdır. Yeni doğulan körpə üçün bu, +24 dərəcə təşkil edir, amma ondan böyük körpə üçün +21-22 dərəcədir.

Qonaq otağı və evin digər otaqlarında maksimal komfort üçün temperatur 19-21 dərəcə civarında olmalıdır.

100 kvadrat metrlik mənzil üçün 75 manat?

Keçək qızdırıcı sistemlərə. 100 kv metr sahəsi olan mənzildə quraşdırılmış fərdi istilik sisteminin (kombinin) işlətdiyi qaz üçün ayda 75 manatadək pul ödəmək lazımdır. Qaz sərfiyyatı sizin təyin etdiyiniz temperaturdan asılıdır. Mərkəzləşdirilmiş istilik sisteminin digər üstünlüyü - mənzilin daxilində quraşdırma işlərini aparmağa ehtiyac yoxdur. Mövcud vəziyyətdə evdə istilik sisteminin quraşdırılması bir neçə min manat tələb edir ki, bu da çoxları üçün kifayət qədər böyük maliyyə itkisi deməkdir.

Mərkəzləşdirilmiş istilik sisteminin daha bir üstünlüyü isə təhlükəsizlikdir. Qazanxanaların əksəriyyəti istənilən yanacaqla işləyə bilər ki, bu da həm mənzillərin, həm də sistemin təhlükəsizliyini təmin edir.

Ən nəhayət, evdə quraşdırılan fərdi istilik sistemindən fərqli olaraq mərkəzləşdirilmiş istilik sistemi ekoloji cəhətdən təmizdir və mənzildə zərərli məhsulların yaranmasını istisna edir.

Yeni binalardan yalnız bir qismi mərkəzləşmiş özəl qazanxana sisteminə malikdir. Bəzi binalarda isə ümumiyyətlə, daxili istilik sistemi quraşdırılmayıb. Buna görə də payızda fərdi şəkildə kombi sistemi quraşdıran sakinlərin sayı sürətlə artır. Orta seqment kombinin qiyməti kənar qurğu və avadanlıqlarla birlikdə 1100 manatı ötür, çəkilən aylıq xərc isə 60-80 manat arasında dəyişir.

Mərkəzləşmiş sistemdən istilik alanlar isə yalnız mənzildaxili istilik borularını çəkməklə sistemə qoşulmağa hazır olurlar. Aylıq xərcləri isə fərdi kombi sahiblərindən 10-12 dəfə azdır. Müqayisə üçün deyək ki, 80 kvadrat metrlik mənzilin isidilməsi üçün "Azəristiliktəchizat”a ödənilən vəsait aylıq 6 man 30 qəpik təşkil edir.

152 gündə niyə isinə bilmirik?

Mərkəzləşdirilmiş istilik sistemi 152 gün, yəni 15 noyabr tarixindən 15 aprel tarixinə kimi, düz 5 ay ərzində fasiləsiz işləməlidir. Azəristiliktəchizat ASC təkcə Bakıda 3500-dən çox yaşayış binasının mərkəzləşdirilmiş istilik təminatı sistemi vasitəsilə isidildiyini deyir. Əgər kooperativ binadırsa, mülkiyyətçisi ona nəzarət eləməlidir. Dövlət binalarında qanuna əsasən, mülkiyyətçi mənzil kommunal istismar sahəsidir. Rəsmilər bildirirlər ki, aşağı paylamaları investisiya proqramına düşəndə "Azəristiliktəchizat” həyata keçirir, vintilləri qoyur.

Azəristiliktəchizat" SC-yə il ərzində 35-40 milyon manat vəsait ayrılır. Səhmdar cəmiyyət 2006-cı ildə yaradılıb. Elə həmin ildən də quruma büdcədən iki kanalla pul ayrılmağa başlanılıb. 2008-2013-cü illərdə büdcədən mənzil-kommunal təsərrüfatı sektorunda istilik sisteminə 112 milyon manat vəsait ayrılıb. İnvestisiya xərclərində isə 2007-2013 illər üçün 109 milyon manat yönəldilib. Təxminən 220 milyon manata qədər vəsait bu sahənin inkişafı üçün böyük məbləğdir. İstilik sisteminin bərpasına il ərzində 35-40 milyon manat yönəldilir. "Azəristiliktəchizat”a ayrılan dövlət vəsaitindən əlavə istilikhaqqı da yığılır. "Azəristiliktəchizat” tərəfindən göstərilən xidmət haqları əhali qrupu üçün hər kvm-ə görə 15 qəpik, qeyri-əhali qrupu üçün isə 25 qəpikdir.

Hamı bu xidmətdən ona görə istifadə edə bilmir ki...

İstilik mövsümü dağ və dağətəyi rayonlarda 1 noyabr tarixindən, digər ərazilərdə, o cümlədən Bakıda 15 noyabrdan başlanır. Mövsüm ərzində cəmiyyətə məxsus 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, o cümlədən 180 mindən artıq mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1300-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Bununla əlaqədar bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları təmizlənib, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib.

Tədbirlər planına əsasən, 550 qazanxana və 90 istilik məntəqəsi yoxlanılıb, 564 odluq təmir olunub, 700 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub, qazanların 27 425 m ekran boruları və konvektiv hissələri dəyişdirilib.

İstilik təchizatı sistemində ən vacib sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq 2018-2019-cu illər istilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində 974 km istilik xətləri yuyulub və hidravlik təzyiqlə yoxlanılıb, 30.5 km məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunub. (musavat.com)

Xəbər lenti