Xəzər Xəbər

66 yaşayış məntəqəsini birləşdirən yol salınır

Cəmiyyət | 09:09 • 8 Yanvar 2019
66 yaşayış məntəqəsini birləşdirən yol salınır
Quba rayonunda 68 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba–Qonaqkənd avtomobil yolunun tikintisi 3 ay ərzində başa çatdırılacaq.


Uzunluğu 46 kilometr olan yolun 40 kilometrinə artıq asfalt döşənib. Hazırda tikinti işləri yolun Qonaqkənd qəsəbəsi yaxınlığındakı son 6 kilometrlik hissəsində həyata keçirilir. Təmir-bərpa işləri zamanı yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Daha sonra qazılmış hissəyə karbonat materialı tökülərək kipləşdirilir. Bundan sonra 13-14 metr enində yeni yol yatağı salınır. Yol kənarlarında 3-3,5 metr enində yeni çiyinlər tikilir. İki hərəkət zolaqlı yolun hərəkət hissəsinin eni 7 metr təşkil edir.

Yolun çəkilməsi ilə paralel olaraq 3 körpünün tikintisi də həyata keçirilir. Bunlardan ən böyüyü Vəlvələçay çayı üzərində tikilir. Çayqovuşan adlanan ərazidə inşa olunan körpünün uzunluğu 350 metrdir.

Yolboyu zəruri yerlərdə kommunikasiya xətləri yenilənməklə yanaşı, mövcud su boruları və su keçidləri bərpa olunur, giriş-çıxış hissələri təmizlənir, lazımi yerlərdə yeni su boruları tikilir.

Amsar, Nügədi, Püstəqasım, Qam-qam, Təngəaltı və başqa yaşayış məntəqələrindən keçən yolun yenidən qurulması əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq. Yolun tikintisi Qubada turizmin inkişafına da təkan verəcək. (AzərTAc)

Xəbər lenti