Xəzər Xəbər

İcazəsiz ov edənlər cərimələniblər

Cəmiyyət | 15:29 • 28 Noyabr 2018
İcazəsiz ov edənlər cərimələniblər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşlarının keçirdikləri reydlər zamanı Cəlilabad və Neftçala rayonlarının Zəvvar və Mahmudçala ovçuluq təsərrüfatlarının ərazilərində icazəsiz ov edən şəxslər saxlanılıblar.


Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, araşdırma zamanı brakonyerlərin Cəlilabad rayon sakinləri Ceyhun Allahverdiyev, Rafiq Məmmədov və Neftçala rayon sakini Famil Mirzəyev olduğu müəyyənləşib. Onlardan qaşqaldaq quşları, ov silahları və taxta qayıq götürülüb.


Saatlı rayonunda keçirilən reyd zamanı isə icazəsiz ova cəhd edən Kamallı kənd sakini Nemət Mirzəzadə saxlanılıb. N.Mirzəzadədən ov tüfəngi götürülüb.


Faktla bağlı brakonyerlər barəsində akt, protokol tərtib olunub və onlara, ümumilikdə, 4125 manat məbləğində ziyan və cərimə tətbiq edilib.

Xəbər lenti