Xəzər Xəbər

Uşaqlarda ən çox rast gəlinən stomatoloji xəstəliklər

Cəmiyyət | 13:38 • 8 Noyabr 2018
Uşaqlarda ən çox rast gəlinən stomatoloji xəstəliklər

Ağız və diş sağlamlığı orqanizmin sağlamlığını şərtləndirən ən vacib amillərdən biri hesab edilir. Təəssüf ki, əksər hallarda ona lazımınca diqqət yetirilmir. Bu, daha çox uşaqlara aiddir.


Paytaxtın Xətai rayonundakı 8 nömrəli uşaq poliklinikasının həkim–stomatoloqu Kamil İsayev uşaqlar arasında yayılan stomatoloji xəstəliklər barədə AZƏRTAC-a məlumat verib.


Həkim deyib: "Çürük yaradan bakteriyalar, meyvə suyu, süd, şirniyyat, tərkibində bişmiş nişasta olan qidaların hədsiz qəbulu, qida rasionunun gözlənilməməsi, ağız gigiyenasına düzgün əməl etməmək və digər səbəblər diş çürüməsini fəallaşdırır. Eyni zamanda, ağız boşluğunda problem olanların uşağı öpməsi də təhlükə mənbəyidir. Təmas nəticəsində onların ağzından uşağın dodaqlarına bakteriyalar düşə bilər ki, bu da problemin yaranmasına səbəb olar.


Son vaxtlar uşaqlar arasında ən çox rast gəlinən ağız boşluğu xəstəlikləri diş çürüməsi, diş-çənə anomaliyaları, kariyes, selikli qişalarda stomatitlər və başqalarıdır.


Həkim-stomatoloqun dediyinə görə, diş-çənə anomaliyaları ən çox rast gəlinən xəstəliklərdən hesab edilir: "Təxminən hər üç uşaqdan ikisi bu anomaliyalarla üzləşir. Ekoloji problemlər, düzgün qidalanmamaq, asan həzm olunması üçün yumşaq qidaların seçilməsi, ananın hamiləliyi dövründə yaşanan problemlər və bir sıra digər səbəblər diş-çənə anomaliyaları ilə nəticələnə bilər.


Ağız boşluğunun infeksion-iltihabı xəstəlikləri arasında stomatit çox ciddi problem hesab olunur. Xəstəlik zamanı ağızın selikli qişası qızarır, ağızdan pis qoxu gəlir, hərarət artır, dəridə suluqlar əmələ gəlir. Belə vəziyyətdə dərhal həkimə müraciət edilməlidir.


Tez-tez təkrarlanan stomatit immun sistemində olan pozulmadan xəbər verir. Buna bakteriyalarla yanaşı B qrupu və C vitaminlərinin çatışmazlığı, qidaya və diş məcununa qarşı allergiyalar, antibiotiklərin və bir sıra digər dərmanların qəbulu da səbəb ola bilər. İstər stomatit, istərsə də digər stomatoloji xəstəliklər zamanı ağız gigiyenasına tam diqqət yetirilməlidir. Dişlər hər gün azı iki dəfə fırçalanmalıdır. İldə iki dəfədən az olmamaq şərti ilə diş müayinəsindən keçmək və həkimə müraciət etmək də əsas şərtlərdən biridir”.

Xəbər lenti