Xəzər Xəbər

Dünyada uşaqların 93 faizi çirklənmiş hava ilə nəfəs alır

Cəmiyyət | 09:06 • 4 Noyabr 2018
Dünyada uşaqların 93 faizi çirklənmiş hava ilə nəfəs alır

Dünyada 15 yaşınadək uşaqların 93 faizi (1,8 milyard azyaşlı) çirklənmiş hava ilə nəfəs alır. Hava çirkliliyi nəticəsində onların sağlamlığında ciddi fəsadlar yaranır, hətta ölüm halları müşahidə olunur. Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, 2016-cı ildə hava çirkliliyi ilə əlaqədar uşaqlarda aşağı tənəffüs yollarının infeksiyası nəticəsində 600 min azyaşlı həyatını itirib.


Xezerxeber.az xəbər verir ki, DST-nin yeni hesabatında dünyada, xüsusən aşağı və orta gəliri olan ölkələrdə həm atmosferdə, həm də qapalı məkanlarda zəhərli havanın uşaqların sağlamlığına mənfi təsiri ilə bağlı aparılan tədqiqatın nəticələri yer alıb. Bu sənəd təşkilatın hava çirkliliyi və sağlamlıq mövzusunda keçirdiyi birinci qlobal konfrans ərəfəsində dərc olunub.


Hesabatda deyilir ki, çirkli havanın təsirinə məruz qalan hamilə qadınlar böyük ehtimalla vaxtından əvvəl doğur və ya normadan az çəkisi olan uşaqlar dünyaya gətirirlər. Hava çirkliliyi uşaqlarda əsəb pozuntularına, zehni qabiliyyətin aşağı olmasına, həmçinin bronxial astma və xərçəng xəstəliklərinə səbəb olur. Yüksək dərəcədə toksik havaya məruz qalan uşaqlarda ürək-damar xəstəlikləri də yarana bilər.


Uşaqların zəhərli havaya daha həssas reaksiya verməsinin səbəblərindən biri onların daha tez-tez nəfəsalması və toksik maddələri daha çox udmasıdır. Boyu hündür olmayan azyaşlılar, həmçinin zəhərli maddələrin daha çox toplandığı torpağa daha yaxın olurlar. Nəzərə almaq lazımdır ki, inkişaf mərhələsində olan uşaq beyini və orqanizmi çox kövrəkdir. Yeni doğulan körpələr və azyaşlılar qapalı məkanlardakı yanacaq növləri, yemək hazırlanması və qızdırılması, işıqlandırma ilə bağlı yaranan hava çirkliliyinə qarşı da həssasdırlar.


DST-nin ekspertləri məktəblərin və uşaq bağçalarının hava çirkliliyi yaradan müəssisələrdən, intensiv hərəkətin olduğu avtomobil yollarından uzaqda inşa edilməsini tövsiyə edirlər.


Xəbər lenti