Xəzər Xəbər

Dəyişikliklər məzunlarımızın bilik səviyyəsinə uyğundur - Məleykə Abbaszadə

Cəmiyyət | 15:48 • 2 Noyabr 2018
Dəyişikliklər məzunlarımızın bilik səviyyəsinə uyğundur -

Abituriyentlər və onların valideynləri, elmi-pedaqoji ictimaiyyət edilən dəyişikliklərlə bağlı narahat olmamalıdır. Çünki bu dəyişikliklər etibarlı elmi əsasları olmaqla yanaşı, onlar mərhələli şəkildə, praktikada aprobasiya olunaraq tətbiq edilir və məzunlarımızın bilik səviyyəsinə uyğundur.


Xezerxeber.az xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin növbəti həftə nəşr olunacaq "Abituriyent” jurnalının buraxılışındakı "Ön” söz”ündə əksini tapıb.


Onun sözlərinə görə, TQDK (hazırda Dövlət İmtahan Mərkəzi – DİM) 2013-cü ildən başlayaraq respublikanın bütün coğrafi regionlarını əhatə edən məktəblərdən reprezentativ seçmə yolu ilə V–X siniflərdə təhsil alan 60 minə yaxın şagird üçün (2013-cü ildə V, 2014-cü ildə V və VI, 2015-ci ildə VI və VII, 2016-cı ildə VII və VIII siniflərdə) monitorinq imtahanları keçirib. Bu imtahanların nəticələri Təhsil Nazirliyi ilə müzakirə edilib, bilik və bacarıqların ölçülməsi sahəsində əməkdaşlığın təmin edilməsi üçün hər iki strukturun mütəxəssislərindən ibarət işçi qrup yaradılıb. Bu imtahanlarda kurikulumların tələblərinə uyğun şəkildə yazı işlərinin qiymətləndirilməsi məqsədilə müvafiq meyarlar, qiymətləndirmə prosesini həyata keçirmək üçün isə yeni, alqoritmik yanaşmaya əsaslanan mexanizm hazırlanıb. Monitorinq imtahanlarının keçirilməsi DİM-ə təhsil sahəsində aparılan islahatlara, o cümlədən yeni tədris proqramlarına (kurikulumlara) uyğun yeni test modelləri yaratmaqda kömək edib.


M.Abbaszadə qeyd edib ki, bu növ imtahanların model və məzmununun işlənib hazırlanması elmtutumlu, əməktutumlu və maliyyətutumlu prosesdir. Bu imtahanların nəticələri şagirdlərin məktəbdəki qiymətlərinə təsir etmirdi, yəni heç bir hüquqi əhəmiyyəti yox idi. Lakin həmin nəticələrin elmi və statistik təhlili şagirdlərin yeni proqramları mənimsəmə dərəcəsi və səviyyəsini müəyyən etməyə, onlarda müvafiq vərdiş və bacarıqların formalaşma səviyyəsini ölçməyə, müəllimlərin tədris prosesində rastlaşdıqları çətinlikləri üzə çıxarmağa imkan verib. Bu məlumatlar pedaqoji ictimaiyyətdə müzakirələr üçün həmişə açıq olub, eyni zamanda, Təhsil Nazirliyi ilə də müzakirə edilib. Beləliklə, hələ 2016-cı ildə Dövlət İmtahan Mərkəzi Təhsil Nazirliyi ilə birgə şagirdlər üçün ümumi orta təhsil bazasında buraxılış imtahanlarının yeni keçirilmə qaydalarını işləyib hazırlayıb.


O bildirib ki, 2017-ci ildə ilk dəfə yeni təhsil proqramlarının (kurikulumun) tələblərinə uyğun şəkildə IX siniflərin yekun attestasiya imtahanlarında şagirdlərin mətn üzərində iş qabiliyyəti: mətnin əsas ideyasını və mətndə baş verən hadisələrin səbəb-nəticə əlaqələrini müəyyənetmə, mətnin kontekstinə uyğun olaraq sözlərin mənasını izahetmə, həmçinin həndəsi qurmalardan istifadə edərək riyazi məsələləri həlletmə, müxtəlif həyati situasiyalarda tənliklərin qurulması kimi riyazi vərdişlərdən istifadə və s. bacarıqları yoxlanılıb. IX siniflər üçün 2017 və 2018-ci illərdə keçirilmiş buraxılış imtahanlarının nəticələri əsasında elmi-statistik məlumatlarla zəngin informasiya bazası toplanıb. IX siniflərdə buraxılış imtahanlarının nəticələri "Abituriyent” jurnalının 12-ci nömrəsində çap edilib və "Mənim məktəbim" (http://mekteb.edu.az) saytında yerləşdirilib. Bundan əlavə, hər il ölkənin hər bir rayonu üzrə bütün məktəblərin nəticələri ayrıca broşürlər şəklində nəşr edilərək məktəblərə paylanılıb.


M.Abbaszadə əlavə edib ki, düz bir il bundan öncə ictimaiyyətə Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə hazırladığı ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modeli təqdim olunub, imtahanların məzmun və formasında dəyişikliklər barədə tam məlumat verilib. İmtahanların məzmunu, o cümlədən qiymətləndirilən standartların siyahısı Təhsil Nazirliyinin mütəxəssislərinin də iştirak etdiyi işçi qrup tərəfindən müəyyənləşdirilib, bu standartların ölçülməsi üçün müvafiq qiymətləndirmə çərçivəsi işlənib hazırlanıb. Bundan başqa, yeni imtahan modeli, imtahanda yoxlanılacaq alt standartlar (bacarıqlar), yeni tapşırıq formaları, qiymətləndirmə meyarları "Abituriyent” jurnalının xüsusi buraxılışlarında, siniflər üzrə çap olunan "Yeni təhsil proqramları (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları” toplusunda nəşr edilib.

Xəbər lenti