Xəzər Xəbər

Satışı qadağan edilən qida əlavələrilə bağlı yoxlamalar başlayacaq

Cəmiyyət | 14:13 • 19 Oktyabr 2018
Satışı qadağan edilən qida əlavələrilə bağlı yoxlamalar başlayacaq

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Səhiyyə Nazirliyinin tabeliyindəki "Analitik Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında bioloji fəallığa malik qida əlavələri və qida təhlükəsizliyi sahəsində Anlaşma Memorandumunun imzalanmasına həsr olunmuş tədbir keçirilib.


Xezerxeber.az xəbər verir ki, tədbirdə çıxış edən AQTA-nın sədr müavini Balarəhim Quliyev memorandumun imzalanmasında əsas məqsədin qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə vəzifə və hüquqların həyata keçirilməsində qarşılıqlı əlaqələrin gücləndirilməsi və əhalinin təhlükəsiz, keyfiyyətli qida məhsulları ilə təmin edilməsində birgə səylərin artırılması olduğunu bildirib.


Tədbirdə çıxış edən "Analitik Ekspertiza Mərkəzi” -nin direktoru Murad Süleymanov satışı qadağan edilmiş bioloji fəallığa malik qida əlavələrinin dövriyyədən çıxarılması üzrə birgə yoxlamaların aparılmasının, eyni zamanda, mütəmadi monitorinqlərin keçirilməsinin qarşılıqlı əməkdaşlıq planlarına daxil olduğunu diqqətə çatdırıb.


Sonra B.Quliyev və M.Süleymanov əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalayıblar.


Qeyd edək ki, Memorandumda əməkdaşlığın istiqamətləri, tərəflərin öhdəlikləri öz əksini tapıb. Sənəddə tərəflərin mütəxəssislərinin birgə iştirakı ilə bioloji fəallığa malik qida əlavələrinin insan sağlamlığına potensial təhlükəsinin müəyyənləşdirilməsi, bu sahədə normativ-hüquqi aktların, normativ-texniki sənədlərin, norma və qaydaların beynəlxalq standartlara uyğun hazırlanması, təhlillərin aparılması, mövcud qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması sahəsində işçi qruplarının yaradılması nəzərdə tutulub.


Sonra kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq keçirilib.

Xəbər lenti