Xəzər Xəbər

Küçələrin işıqlandırılmasında bərpa olunan enerji mənbələrindən istifadə olunacaq

Cəmiyyət | 12:37 • 19 Oktyabr 2018
Küçələrin işıqlandırılmasında bərpa olunan enerji mənbələrindən istifadə olunacaq

"Energetika Nazirliyi cari ilin sentyabr ayından Avropa İttifaqının İqlim və Enerji üzrə Merlər Razılaşmasının milli əlaqələndiricisi qismində fəaliyyət göstərməyə başlayıb. Bu, yerli özünüidarəetmə orqanlarının enerji səmərəliliyi, bərpa olunan enerji mənbələrindən istifadə, istilik effekti yaradan qaz emissiyalarının azaldılması prosesində fəal iştirakını təmin edəcəkdir".

XəzərXəbər bildirir ki, bu barədə energetika naziri Pərviz Şahbazovun "Azərbaycan" qəzetində dərc edildiyi məqaləsində qeyd olunub.

Nazir bildirib ki, küçələrin işıqlandırılmasında bərpa olunan enerji mənbələrindən, o cümlədən biotullantılardan istifadə, ictimai və yaşayış binalarında enerji effektivliyi tədbirlərinə dəstək məqsədilə hazırda Azərbaycan ilə Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Şərqi Avropa Tərəfdaşlığı Fondu arasında əməkdaşlığın qurulması istiqamətində danışıqlar aparılır.

Dünyanın enerji balansında ayrıca enerji növü kimi qəbul olunan enerji səmərəliliyinin ölkəmizdə də enerji artmında optimal varianta çevrilməsi, enerjinin istehsalı, ötürülməsi, paylanması və istehlakında səmərəliliyə nail olmaq bu gün əsas prioritetlərdəndir. Bu məqsədlə "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsi hazırlanıb. Layihədə bina və müəssisələrin enerji auditinin aparılması, istehlak edilən enerjinin həcminin və səmərəliliyinin ölçülməsi, enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi, enerji menecmenti sisteminin tətbiqi, istilik enerjisi ilə elektrik enerjisinin birgə istehsalını nəzərdə tutan kogenerasiya qurğularının yaradılması, müəssisələrdə və binalarda enerji idarəçisinin təyin edilməsi və s. müddəalar əksini tapıb.

Qanun qəbul edildikdən sonra enerji effektivliyi üzrə milli fəaliyyət planının işlənməsi və fəaliyyət planı əsasında enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Rubrikanın digər xəbərləri

Xəbər lenti