Xəzər Xəbər

Pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb

Cəmiyyət | 15:59 • 15 Oktyabr 2018
Pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb

Azərbaycanda pensiyaların orta aylıq məbləğində 8,4 faiz artım qeydə alınıb.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) xezerxeber.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən sosial müdafiə tədbirləri, həmçinin sığorta-pensiya sisteminin davamlı inkişafı sosial təminat sisteminin mühüm komponenti olan pensiyaların cari ildə də mütəmadi artımına imkan verib.


2018-ci ilin 1 oktyabr tarixinə ölkəmizdə pensiyaların orta aylıq məbləği 2017-ci ilin müvafiq dövrünə nisbətən 8,4 faiz artaraq 221,1 manata çatıb. O cümlədən, yaşa görə pensiyaların orta aylıq məbləği 9 faiz çoxalaraq 249,1 manat təşkil edib. Eyni zamanda, cari ilin 9 ayında pensiyaların maliyyələşməsinə ötən ilin müvafiq dövrünə nisbətən 7,6 faiz (və ya 186,9 milyon manat) çox vəsait yönəldilib.


ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların həcmində artım dinamikasının davam etməsi nəticəsində hər bir ay üzrə pensiyaların qrafik əsasında vaxtlı-vaxtında maliyyələşdirilməsi təmin olunur.


Ölkəmizdə pensiya alanların sayı isə 1 milyon 309 min nəfərdir ki, bu da ölkə əhalisinin 13,2 faizini təşkil edir. Pensiyaçıların 58,5 faizi yaşa, 11,5 faizi ailə başçısını itirməyə, qalanları isə əlilliyə görə pensiya alanlardır.

Xəbər lenti