Bakı şəhər BPİ Dövlət
Yol Polisi İdarəsin qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlara qarşı
aparılan mübarizəyə dair məlumat yayıb.
İdarədən bildirilib ki, son vaxtlar Bakıda
nəqliyyatın hərəkətində yaranan sıxlığın əsas səbəblərindən biri də
qanunsuz taksi fəaliyyəti ilə məşğul olanların qanunsuz hərəkətləridir:
"Artıq iş o yerə çatıb ki, vətəndaşlar da taksi sürücülərinin qanunsuz
əməlləri barədə polisə şikayətlər edir. Taksi sürücüləri tərəfindən
dayanma-durma qaydalarının pozulması, xüsusən avtobus dayanacaqlarının
zəbt edilməsi adi hala çevrilib. Bütün bunlar vətəndaşların,
sürücülərin, bütövlükdə hər bir hərəkət iştirakçısının haqlı
narazılığına səbəb olur.
Bakı
şəhər Dövlət Yol Polis İdarəsi vətəndaşların müraciətlərini, bu sahədə
qayda-qanunun bərpasını nəzərə alaraq qanunsuz taksi fəaliyyəti ilə
məşğul olanlara qarşı mübarizəyə başlayıb. Mübarizə tədbirləri
çərçivəsində metronun "20 Yanvar”,
"İnşaatçılar” stansiyalarının, 3-cü mikrorayon dairəsinin, iri ticarət
və təhsil müəssisələrinin ətrafında qanunsuz olaraq taksi fəaliyyəti ilə
məşğul olan, digər hərəkət iştirakçılarına maneə törədən, küçədən keçən
insanlara qarşı qeyri-etik ifadələr işlədən, ictimai davranış
qaydalarını pozan sürücülər barəsində ciddi tədbirlər görülür. Onların
sənədləri yoxlanılarkən aylardır heç bir fərqlənmə nişanı olmadan taksi
fəaliyyəti ilə məşğul olduqları üzə çıxıb. Bəzilərinin idarə etdiyi
avtomobilin texniki cəhətdən nasaz olduğu, təhlükə yaratdığı da üzə
çıxıb. Digər müvafiq sənədlər olmadan taksi fəaliyyəti göstərən şəxslərə
də rast gəlinib. Artıq son 3 gün ərzində Bakı şəhər DYPİ-nin əməkdaşları 100-dən artıq taksi sürücüsü ilə bağlı inzibati qaydada tədbirlər görüb.
Taksi
fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin diqqətinə
çatdırır ki, bu sahədə nizam-intizamın yaradılması olduqca vacibdir. Hər
sürücülük vəsiqəsi olan şəxs taksi sürücüsü ola bilməz. Taksi sürücüsü
avtomobili daim saz vəziyyətdə saxlamalıdır. Onlar müvafiq nişanlar
nişanlanmış yerlərdə dayanıb taksi fəaliyyəti ilə məşğul olmalıdırlar.
Qanunla nəzərdə tutulan yerlərdə maşın saxlamaq, yoldan keçənlərə qarşı
qeyri-etik hərəkətlər etmək, sürücülərin, piyadaların yolunu kəsərək
sıxlıq yaratmaq qanunsuzdur və yol polisi bu cür əməllərə qarşı
mübarizəni bundan sonra da davam etdirəcək".
Qeyd olunub ki, yol
polisi tərəfindən mütamadi olaraq taksi fəaliyyəti ilə məşğul olan
sürücülərin hüquq və vəzifələri barədə məlumatların çatdırılmasına
baxmayaraq, hələ də fərqlənmə nişanı olmadan qanunsuz fəaliyyətlə məşğul
olan sürücülər müəyyən olunur:
"Onlarla yerlərdə profiklatiki
söhbətlər aparılır, xətanın ictimai təhlükəliliyi izah olunur, ümumi
qanunvericiliyin tələbləri ilə bağlı izahat işləri aparılır: "Hər bir
hərəkət iştirakçısı, xüsusilə sürücülər yollarında qanunlara həssas
yanaşmalıdır, müvafiq tələblərə ciddi şəkildə əməl etməli, dövlətin və
cəmiyyətin maraqları naminə, öz hüquq və vəzifələrini keyfiyyətlə və
səmərəli yerinə yetirməyə borcludur. Bu, ictimai etimad və hörməti
doğruldur, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissi aşılayır.
Avtomobil
yollarında süni sıxlıq yaradan, dayanma-durma qaydalarının pozan,
avtobus dayanacaqlarını, piyada səkilərini zəbt etməklə qanunsuz taksi
xidməti göstərən şəxslərin əməlləri ictimai, həm də sosial məsuliyyət
yaradır. Hər bir hərəkət iştirakçısına tövsiyyə edirik ki, yollarda
digər insanların qanunla qorunan maraqlarına ehtiramla yanaşsınlar".