Xəzər Xəbər

Səyyar “ASAN xidmət” davam edir

Cəmiyyət | 11:26 • 8 Oktyabr 2018
Səyyar “ASAN xidmət” davam edir

Səyyar "ASAN xidmət” sentyabrın 26-dan oktyabrın 15-dək Göyçayda, oktyabrın 1-dən 15-dək Ağstafada, 3-dən 17-dək Sahil qəsəbəsində, 6–dan 25-dək Hacıqabulda, oktyabrın 6–dan noyabrın 3-dək Tovuzda, oktyabrın 5–dən noyabrın 3-dək Xudatda, oktyabrın 6–dan 20-dək Cəlilabadda, Ağdamda, oktyabrın 8–dən noyabrın 6-dək Şəkidə, oktyabrın 9–dan noyabrın 7-dək Qobu qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən xezerxeber.az-a bildirilib ki, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.


Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.


Vətəndaşlara, eyni zamanda, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlər də göstərilir.


Səyyar "ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Xəbər lenti