Xəzər Xəbər

Şirvandakı yanğında xəsarət alanların kimliyi bilindi - vəziyyətləri ağırdır

Cəmiyyət | 14:47 • 28 Sentyabr 2018
Şirvandakı yanğında xəsarət alanların kimliyi bilindi - vəziyyətləri ağırdır

Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda baş vermiş yanğın nəticəsində xəsarət alan iki nəfərin vəziyyəti ağırdır. Bu barədə Trend-ə Şirvan şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.


Məlumatda bildirilir ki, hadisə nəticəsində xəsarət alan Şirvan şəhər sakinləri, 1972-ci il təvəllüdlü İsmayılov Sabit Əlisultan oğlu və 1976-cı il təvəllüdlü Xəlilov Vaqif Valeh oğlu hər iki ətrafın, üz və əllərinin, kürək nayihəsinin 3-cü və 4-cü dərəcəli yanıq xəsarətləri ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.


Hazırda hər iki xəstə şok vəziyyətindədir.


Şirvan şəhər Prokurorluğundan isə Trend-ə bildiriblər ki, hazırda hadisə ilə bağlı ekspertiza təyin edilib. Ekspertizanın nəticəsindən sonra yanğının dəqiq başvermə səbəbləri məlum olacaq.


Xatırladaq ki, bu gün Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda yanğın hadisəsi baş verib.


Baş verən yanğın nəticəsində iki nəfər xəsarət alıb.


Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti