Havaların soyuması ilə
xəstəliklərin də sayı artır. Belə ki, mövsüm dəyişikliyi zamanı insan
orqanizmində immunitet zəifliyi yaranır. Bunun nəticəsində bronxit,
astma, qrip və soyuqdəymə kimi müxtəlif xəstəliklərə yoluxuruq.
Həkimlər payızda xəstəliklərə yoluxma ehtimalını azaltmaq üçün yayın
sonlarından orqanizmə ciddi qulluq etməyi məsləhət görürlər. Bununla
yanaşı, immuniteti gücləndirmək üçün A və C vitaminləri ilə zəngin olan
meyvə- tərəvəz, süd-qatıqla qidalanmaq məsləhətdir. Ümumiyyətlə, payızda
qidalanmaya xüsusi diqqət göstərmək lazımdır.
Payız fəslində
insanlar daha çox qrip infeksiyasına yoluxurlar. Soyuqdəymə zamanı
bədənin müəyyən hissəsi ağrıyırsa, qripə yoluxduqda bütün bədən
əzginləşir. Qrip yuxarı tənəffüs yollarının selikli qişalarının
zədələnməsi ilə xarakterizə olunan kəskin virus infeksiyasıdır. Əsas
simptomları titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş
ağrısı, öskürmə, zəiflik və ümumən narahatlıqdır. Hərarət yüksək olduqda
xəstə mütləq yataq rejiminə əməl edilməlidir. Hərarət düşdükdən 1-2 gün
sonra əvvəl yarıyataq, daha isə adi rejimə keçmək olar.
Şirə,
çay, kompot, mineral suların qəbul edilməsi hərarət zamanı çox vacibdir
ki, bu zaman insan çoxlu maye itirir və orqanizmdə susuzlaşma inkişaf
edə bilər. Xəstə gün ərzində 2 litrdən az olmayaraq maye qəbul
etməlidir. Buraya soyuqdəymə əleyhinə təsiri güclü olan zoğal, moruq,
qarağat və s. kimi mürəbbələrlə çay, limonlu su və ya çay, təbii meyvə
şirələri daxildir.
Qeyd edək ki, çayla qəbul etdiyimiz mürəbbələr
bişirilən zaman istinin təsirindən tərkibindəki lazımi vitaminləri
itirdiyi üçün orqanizmi vitaminlə təmin etmək üçün deyil, hərarəti aşağı
salan vasitə kimi qəbul olunur. Mümkün qədər çox qatıq yemək də
əlverişlidir.
Qrip zamanı (xüsusən hərarət yüksək olduqda) ətdən
və ağır zülallı qidalardan, süddən, şirniyyat məhsullarından, qozdan
imtina etmək lazımdır. Hərarət normaya düşdükdə ilk növbədə xəstəyə təzə
toyuq bulyonu vermək lazımdır. Bu müalicə xəstəliyi törədən viruslara
təsir etməsə də, xəstənin vəziyyətini xeyli yüngünləşdirir.
Qrip
və soyuqdəymənin simptomları müxtəlif olduğuna görə xəstələr bir neçə
dərman preparatlarından istifadə etməyə məcbur olurlar - hərarət salan
prepartlar, öskürək, boğaz ağrısı, zökəm əleyhinə dərmanlar və
digərləri.
Mütəxəssislərin fikrincə, soğan və sarımsaq antibiotik
tərkibinə malik olduğu üçün payızda yayılan soyuqdəymə xəstəliklərinin
tez sağalmasına yardım edir. Bütün bunlarla yanaşı, vaxtında həkimə
müraciət etmək lazımdır. Qrip çoxları üçün adi xəstəlik hesab olunsa da,
vaxtında qarşısı alınmasa orqanizmdə fəsadlar yaradaraq meningit,
astma, bronxit, qaymorit kimi xəstəliklərə yol aça bilər. Bu xəstəliklər
isə əksər hallarda müalicə edildikdə, belə orqanizmdən tam sovrulmur./azvision.az