Xəzər Xəbər

Test imtahanlarında 650-dən çox bal toplayan 48 tələbə Bakı Mühəndislik Universitetini seçib

Cəmiyyət | 14:11 • 17 Sentyabr 2018
Test imtahanlarında 650-dən çox bal toplayan 48 tələbə Bakı Mühəndislik Universitetini seçib

Sentyabrın 17-də Bakı Mühəndislik Universitetinin həyətində birinci kurs tələbələrinin ali məktəb kollektivi ilə təşkil olunan görüşündə universitetin rəhbərliyi və kollektivi ilə yanaşı valideynlər, Abşeron rayon ictimaiyyətinin nümayəndələri, bir sıra özəl şirkət təmsilçiləri də iştirak edib.


AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Universitetin rektoru, professor Havar Məmmədov yeni dərs ili münasibətilə tədbir iştirakçılarını təbrik edib və uğurlar arzulayıb. Qeyd edilib ki, Prezidenti İlham Əliyevin sərəncamı ilə ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirmək, fundamental və tətbiqi elmi tədqiqatlar aparmaq məqsədilə Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Mühəndislik Universiteti bu il ikinci tələbə qəbulunu həyata keçirib. Universitet fəaliyyətə başladığı vaxtdan cəmiyyətdə keyfiyyətli təhsil mühitinin olması ilə tanınır.


Rektor bu il yeni mühəndislik ixtisaslarına da qəbul aparıldığını, ödənişli və dövlət sifarişli ixtisaslar daxil olmaqla, ümumilikdə, BMU-nə 1123 tələbənin qəbul olunduğunu diqqətə çatdırıb. O, əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğu təhsil sisteminin Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlarla daha da təkmilləşdirildiyini qeyd edib. Bildirilib ki, ölkə rəhbərliyinin ali təhsil müəssisələrinə və müəllimlərə olan diqqət və qayğısı təhsilin və tədrisin keyfiyyətinin artırılmasına hərtərəfli imkan verir. Bu səbəbdəndir ki, BMU–da yüksək tədrislə yanaşı, tələbələrin elmi və sosial fəaliyyətlə məşğul olmalarına da şərait yaradılıb. Universitetin tələbələri hər il ölkə və beynəlxalq miqyaslı olimpiadalarda iştirak edərək yüksək nailiyyətlər qazanırlar.


Tədbirdə iştirak edən Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev, Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova, valideyn, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru Nizami Əhmədov çıxış edərək tələbə adını qazananları təbrik edib və BMU-nun ictimaiyyətlə və orta məktəblərlə olan əlaqələrindən danışıblar.


"Veysəloğlu” şirkətinin biznesə dəstək üzrə baş direktoru İlqar Nuri və "Gilan Holdinq”in İnsan resursları departamentinin direktoru Allahverdi Bağırov çıxışlarında BMU-nun özəl sektorla əlaqələrinin örnək olduğunu və məzunlarının iş dünyasında özlərini doğrultmalarından danışaraq, tələbə adını qazanan gəncləri təbrik ediblər.


Ən yüksək balla BMU–nun tələbəsi adını qazanmış Zöhrə İsmayılova və onun valideyni Qətibə İsmayılova çıxış edərək sevinclərini tədbir iştirakçıları ilə bölüşüblər.


Sonda 650-dən yuxarı bal toplayaraq tələbə adını qazanan 48 tələbəyə hədiyyələr təqdim olunub.

Xəbər lenti