Xəzər Xəbər

Yol-nəqliyyat hadisələri hər il dünyada 1,3 milyon nəfərin həyatına son qoyur

Cəmiyyət | 13:59 • 17 Sentyabr 2018
Yol-nəqliyyat hadisələri hər il dünyada 1,3 milyon nəfərin həyatına son qoyur

Yol-nəqliyyat hadisələri nəticəsində hər il dünyada 1,3 milyon nəfər həyatını itirir, 50 milyona qədəri isə xəsarət alır. Yol-nəqliyyat qəzaları dünyada 10-25 yaşlı insanların əsas ölüm səbəblərindən biridir. Hər il 25 yaşadək 400 min gənc yol-nəqliyyat qəzaları zamanı həlak olur. Bu da gündə təxminən 1000 nəfər deməkdir. Sürətin aşılması, sərxoş halda nəqliyyat vasitəsinin idarə edilməsi, dəbilqələrdən, təhlükəsizlik kəmərlərindən, xüsusi uşaq oturacaqlarından istifadə edilməməsi kimi faktorlar yol-nəqliyyat hadisələrində insanların ölümcül travmalar almalarına səbəb olur. Proqnozlara görə, 2030-cu ilədək yol-nəqliyyat qəzaları nəticəsində baş verən travmalar ölüm səbəbinə görə beşinci yerdə qərarlaşacaq və hər il 2,4 milyon insanın həyatına son qoyacaq. Ötən ilin məlumatlarına görə, Azərbaycanda yol qəzalarında həlak olanların demək olar ki, yarısı piyadalar olub. Bütün qəzaların 37 faizi məhz sürət həddinin aşılması səbəbindən baş verib. Aydın məsələdir ki, yollar və nəqliyyat müasir dövrün ayrılmaz hissəsidir. İnsanlar sürətlə, zamanı qət edərək onları biri-birindən ayıran məsafəni qısaltmağa çalışır. Lakin təhlükəli hərəkət etdikdə məsafə qısalmaqdansa, əksinə, daha da uzanır. Yol qəzalarında həlak olanlar əksər hallarda kor təsadüf və insan səhvi nəticəsində vaxtından əvvəl həyatla vidalaşırlar. Bir çox hallarda bu qəzalar baş verməyə bilərdi. Həlak olanlar da bu gün yaxın və doğmaları ilə birgə olardılar. Hər birimiz-istər sürücü, istər piyada, istərsə də sərnişin olaraq məsuliyyətimizi dərk etməliyik.


Xezerxeber.az bildirir ki, bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev deyib.


-Tofiq müəllim, tez-tez kütləvi informasiya vasitələrində işıqlandırılan və demək olar ki, hər gün baş verən yol-nəqliyyat hadisələri və onların nəticələri həqiqətən də ciddi narahatlıq doğurur. Qəzaların qarşısının alınması üçün beynəlxalq səviyyədə hansı tədbirlər həyata keçirilir?


-Bu acınacaqlı vəziyyətə birmənalı təsir etmək üçün 2003-cü ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası məsələni ilk dəfə qaldıraraq "Qlobal yol hərəkəti təhlükəsizliyinin yaxşılaşdırılması” qətnaməsini qəbul edib. Dünya Səhiyyə Təşkilatı (DST) 2004-cü ildə ilk dəfə Dünya Sağlamlıq Gününü yol hərəkəti təhlükəsizliyinə həsr edib. BMT-nin Baş Assambleyası növbəti ildən etibarən hər il noyabrın üçüncü bazar gününü Yol-nəqliyyat Hadisələri Qurbanlarının Dünya Xatirə Günü kimi qeyd olunmasını qərara alıb. Bununla yanaşı, 2007-ci ildə BMT-nin ilk "Qlobal yol hərəkəti təhlükəsizliyi həftəsi” keçirilib. Problemin miqyasını nəzərə alaraq hələ səkkiz il əvvəl dünya ölkələri xüsusi qətnamə imzalamaqla tarixi qərar qəbul ediblər. Həmin sənəd 2011-2020-ci illərdə dünyada yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə onillik fəaliyyətin aparılmasını nəzərdə tutur. Onilliyin keçirilməsi və əlaqələndirilməsi üçün əsas rol DST-yə həvalə edilib. Bütün dünyada, eləcə də Azərbaycanda 2011-ci il mayın 11-də onilliyin açılışı baş tutub. Onilliyin keçirilməsi üçün vacib şərtlərdən biri maraqlı tərəflərlə, o cümlədən travmatizmin qarşısının alınması üzrə bir sıra Avropa ölkələrinin əlaqələndiriciləri ilə məsləhətləşmədən sonra qlobal fəaliyyət planının hazırlanması idi. Qlobal planda yol hərəkəti təhlükəsizliyi sahəsində profilaktik tədbirlərin gücləndirilməsi, məlumatların toplanmasının təkmilləşdirilməsi və yol-nəqliyyat hadisələrində xəsarət alanlara təcili tibbi yardımın göstərilməsi sisteminin gücləndirilməsi məsələlərinə dair bir neçə istiqamətdə fəaliyyətlər təklif edilir.


-Yol hərəkəti təhlükəsizliyi ilə əlaqədar səhiyyə sahəsində hansı işlər görülür?


-Yol hərəkəti təhlükəsizliyi sahəsində digər sektorlarla yanaşı, səhiyyə də mühüm rol oynayır. Belə ki, epidemioloji nəzarət vasitəsi ilə yol-nəqliyyat xəsarətlərinin ağırlığı, miqyası, xüsusiyyətləri və nəticələrinin təhlili sahəsində məlumat bazası gücləndirilir, hospitalizasiyadan əvvəl və sonra müvafiq yardım, eləcə də reabilitasiya təmin olunur. Bundan əlavə məlumatlandırma işi həyata keçirilir, bu sahədə aparılan tədbirlərdə əməkdaşlıq edilir. Belə ki, yol travmatizminin profilaktikası və ağır xəsarətlərin qarşısının alınması dövlətin, eləcə də səhiyyə sektorunun payına düşən yükü xeyli azalda bilər. Xəsarət alanların, onların ailələrinin və dövlətlərin iqtisadi xərcləri əsasən travmaların müalicəsinə yönəldilən vəsaitlə əlaqəlidir. Tibbi yardımın keyfiyyəti və növü xəsarət alanların qəzadan sonra ümumi reabilitasiyasına və cəmiyyətin tam dəyərli bir üzvü kimi yaşamasına təsir göstərə bildiyinə görə bu məsələ ictimai səhiyyənin prioriteti hesab edilir.


-Düşünürəm ki, əksər hallarda dəhşətli sonluqlarla nəticələnən avtomobili yüksək sürətlə idarə etmək, əvvəlcə həvəs, sonradan isə asılılıqdır. Necə ki, insanlar zərərli olduğunu bilərək tütün məmulatlarına, alkoqollu içkilərə, narkotik maddələrə ilk əvvəllər həvəs göstərib, sonradan asılı hala düşürlər. Zənnimcə, avtomobil idarə edərkən yol-hərəkət qaydalarını pozanlar, sürət həddini aşanlar da bu asılılıqdan əziyyət çəkirlər. Bəs insan ölümünə səbəb olan pis vərdiş və asılılıqlar sırasında yer alan tütün məmulatlarının istifadəsi ilə bağlı statistikalar nə deyir?


-Dünyada hər il yeddi milyon nəfər tütün tüstüsünün təsirindən, onun yaratdığı xəstəliklər nəticəsində dünyasını dəyişir. Bunların 10 faizi passiv tütün çəkənlər təşkil edir. Ölkəmizdə kişilərin təxminən 33 faizi siqaret çəkir. Ötən illərin tədqiqatları göstərir ki, kişilərin təxminən 70 faizi ictimai yerlərdə, qadınların isə 40 faizi evlərində tütün tüstüsünün zərərli təsirinə məruz qalır. Azərbaycanda yeniyetmələr arasında ətrafa yayılan ikincili tütün tüstüsünün təsirinə məruz qalanların sayı son beş ildə 50 faiz artıb. Yeniyetmələrin yeddi faizi siqaret çəkirsə, təbii ki, buna təsir edən səbəblər var.


Xatırladaq ki, bu gün tütünçəkmə göstəricisi, o cümlədən qadınlar arasında Avropa regionunda ən yüksək səviyyədədir. Lakin tütün çəkən və bu səbəbdən dünyasını dəyişən insanların böyük əksəriyyəti aşağı və orta gəlirli ölkələrdə yaşayır. Tütün çəkənlərlə yanaşı, çəkməyən, lakin ictimai və iş yerlərində tütün tüstüsü ilə nəfəs almaq məcburiyyəti qarşısında duran insanlar sağlamlıqla bağlı eyni təhlükələrlə qarşılaşır. Tütünçəkmənin məhdudlaşdırılması sahəsində son illər ölkəmizdə çox böyük işlər görülüb. Ötən ilin dekabrında ölkə başçısının Fərmanı ilə təsdiq edilən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ölkəyə idxal olunan və ölkəmizdə istehsal olunan tütün məmulatlarına qoyulan aksiz vergilərinin ardıcıl artırılması da insan sağlamlığına göstərilən qayğının təzahürü kimi qiymətləndirilməlidir. Əlbəttə ki, bunlar çox müsbət və təqdirəlayiq hadisələrdir. Lakin bütün bunlarla yanaşı bu sahədə tədbirlərin tənzimləməsi üçün xeyli görüləsi işlər də var. Ötən illərin araşdırmaları göstərir ki, ətrafa yayılan ikincili tütün tüstüsünün təsirinə məruz qalma geniş vüsət alıb. Bu sırada uşaqların sayı xüsusilə diqqət çəkir. Etiraf etməliyik ki, tütünün təhlükələri barədə söz açılanda əksər hallarda yalnız aktiv siqaret çəkənlərin sayı ilə bağlı statistik göstəricilərə diqqət yetirilir. Əgər siqaret çəkən varsa, onun tüstüsü ilə nəfəs alanlar da var. Məsələ burasındadır ki, aktiv çəkənlərin artımı müşahidə edilməsə də, passiv çəkənlər arasında çoxalma var. 15 yaşından yuxarı kişilərin 33 faizi siqaret çəkir. DST-nin hesablamalarına görə, son illərdə bu rəqəmdə azalma tendensiyasının müşahidə edilməsinə baxmayaraq, bu özü də kifayət qədər yüksək rəqəmdir.


Tütünlə mübarizədə hər birimizin əsas vəzifəsi siqaret çəkməyib, lakin buna marağı olanları bu fikirdən daşındırmaq və siqaret çəkənlərin bu zərərli vərdişdən imtina etməsinə yardım göstərməkdir.

Xəbər lenti