Yay mövsümünün başa çatması və xüsusən yeni tədris ilinin başlanması ilə Bakı Metropolitenində sərnişin axını intensivləşir.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov XəzərXəbər-ə bildirib ki, bu gündən etibarən metropolitendə qatarların hərəkəti payız-qış qrafikinə keçib.
Qurum
rəsmisi qeyd edib ki, yeni qrafikə uyğun olaraq, qatarların hərəkəti
sıxlaşdırılaraq, xətlərdəki qatarların sayı artırılacaq və interval
azaldılacaq:
"Payız-qış mövsümünün qrafikinə uyğun olaraq, iş
günləri ərzində sərnişin hərəkətinin daha çox intensivləşdiyi səhər və
axşamın gur saatlarında "Həzi Aslanov-28 May" və əksinə olmaqla qatarlar
arasında interval 2 dəqiqə təşkil edəcək. Günün qalan vaxtlarında isə
qeyd edilən sahədə hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı
şəkildə azaldığı axşamın gur saatlarından sonra qatarlar arasındakı
fasilə 3 dəqiqə və daha çox olacaq. Bakı
metropoliteni xətlərinin xüsusiyyətləri nəzərə alınaraq, xətlərin
ayrıldığı "28 May" stansiyasından "Dərnəgül" və "İçərişəhər"
istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq".
Qeyd edək ki, bu qrafik iş günlərini əhatə edir. İstirahət, o cümlədən qeyri-iş günlərində Bakı metropolitenində fərqli hərəkət qrafiki tətbiq olunur. Yeni qrafik 2019-cu ilin yay aylarına qədər qüvvədə olacaq.