Xəzər Xəbər

Sosial sığorta stajına dair qanunvericilikdə təkmilləşdirmələr aparılır

Cəmiyyət | 12:54 • 13 Sentyabr 2018
Sosial sığorta stajına dair qanunvericilikdə təkmilləşdirmələr aparılır

Prezident İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli "Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” Fərmanı əmək və sosial müdafiə sahələrində xidmətlərin tam elektronlaşdırılması ilə yanaşı, sığorta-pensiya sisteminin daha obyektiv və ədalətli yanaşmalar əsasında inkişaf etdirilməsi, o cümlədən vətəndaşların sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı konkret vəzifələr yaradır.


Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiya təminatı sisteminin təkmil əsaslar üzərində qurulması üçün təkliflərin hazırlanması məqsədilə nazirlikdə yaradılmış İşçi Qrupunun iclasında bildirib.


Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a verilən məlumata görə, nazir dövlət başçısının müvafiq Fərmanına əsasən əmək, məşğulluq, sosial müdafiə sahələrində dövlət xidmətlərinin vahid platformadan, "bir pəncərə” prinsipi üzrə təşkili üçün yaradılacaq "DOST” mərkəzlərinin fəaliyyətinin mühüm bir istiqamətinin pensiya təminatı məsələləri ilə bağlı olacağını bildirib.


Nazir qeyd edib ki, bunun üçün müvafiq elektron əsaslı infrastrukturda pensiya təyinatı sisteminin tam avtomatlaşdırılmış mexanizmi mövcud olacaq və artıq bu sahədə işlər aparılır. Nəticədə pensiya təyinatı sahəsində məmur-vətəndaş təmasının, bir çox hallarda özünü göstərən süründürməçilik hallarının aradan qalxmasına və tam şəffaf mühitin yaradılmasına, ümumilikdə sığorta-pensiya sistemində innovativ idarəetmənin formalaşmasına nail olunacaq.


Nazir, eyni zamanda, 2006-cı ilədək olan sosial sığorta stajlarının müəyyən edilməsi ilə bağlı tətbiq olunan yanaşmalara yenidən baxıldığını, bununla bağlı qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi üçün təkliflərin hazırlandığını qeyd edib.


Sonra nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsinə dair hazırlanan qanun layihəsi, büdcənin gəlir və xərcləri, qeyri-büdcə sektorundan daxilolmaların vəziyyəti nəzərdən keçirilib. Fondun gəlirlər hissəsinin geniş təhlilinin aparılması, işəgötürənlər tərəfindən Fonda daxil edilən sosial sığorta vəsaitlərinin işçilər üzrə adlı siyahılar üzrə bölüşdürülməsi prosesinin sürətləndirilməsi tapşırılıb.


İşçi Qrupunun cari fəaliyyətinin nəticələri, pensiya təyinatı prosedurunun elektron infrastrukturunun qurulması sahəsində aparılan işlər, sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi, Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsinin təkmil şəkildə hazırlanması üçün qarşıda duran vəzifələr müzakirə olunub.

Xəbər lenti