Azərbaycanda yol
infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm
tədbirlər həyata keçirilir. Hazırda respublikamızda kənd yollarının
inşası və yenidən qurulması ilə yanaşı, ölkənin əsas yolları da müasir
səviyyədə yenidən qurulur. Görülən işlər yüksək keyfiyyətlə, həm də qısa
müddətdə icra olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən XəzərXəbər-ə
verilən xəbərə görə, həyata keçirilən yol layihələri avtomobillərin
hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla, həm də kənd təsərrüfatı
və turizmin inkişafına təkan verir. Ümumilikdə bu layihələr hər bir
vətəndaşın sosial rifah halına müsbət təsir göstərir və bölgələrimizin
müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirir. Bu istiqamətdə
icra olunan layihələrdən biri də Lənkəran-Lerik avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasıdır.
55 km uzunluğa malik Lənkəran-Lerik
avtomobil yolunun hərəkət hissəsində təbiət hadisələri, həmçinin ağır
tonnajlı yük maşınlarının hərəkəti nəticəsində sürüşmə xarakterli
deformasiyalar, dağılmalar və qabarmalar əmələ gəlmişdi. Bu isə
vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətinə maneə yaradırdı.
Üstəlik kənd təsərrüfatının və turizmin inkişafına da mənfi təsir
göstərirdi. Bu üzdən dövlət başçısının sərəncamına əsasən sözügedən
avtomobil yolunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
tərəfindən təxirəsalınmaz tədbirlərə start verilib.
Lənkəran-Lerik
avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla III texniki dərəcəyə uyğun
olaraq yenidən qurulur. Hər bir hərəkət zolağının eni 3.5 metr,
çiyinlərin eni isə 2.5 metr olmaqla yolun ümumi eni 12 metr təşkil edir.
Yenidənqurma
işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək
kənara daşınır, zəruri olan yerlərdə yolun deformasiyaya uğramış
hissələri qazılaraq çıxarılır, əvəzinə yol yatağının karxana çınqılı ilə
tikintisi işləri görülür. Bundan başqa yol yatağının profilə salınması
və normativ eninin alınması üçün xüsusi qrup qrunt daşınaraq yayılır və
kipləşdirilir. Bunun ardınca yol əsasının layihədə nəzərdə tutulmuş
qalınlıqda qum-çınqıl və optimal-qırmadaş qarışığı ilə tikintisi işləri
aparılır.
Frezlənmiş və torpaq işləri aparılmış ərazilərdə artıq
asfaltlanmaya da start verilib. Həmin ərazilərə əlaqələndirici bitum
səpilməklə düzləndirici asfalt-beton qatı döşənir. Bunun ardınca
texnoloji ardıcıllığa uyğun olaraq 2 laydan ibarət iri və xırda dənəli
olmaqla yeni asfalt-beton örtüyü döşənir.
Lənkəran-Lerik
avtomobil yolunun bir-neçə nöqtəsində sürüşmə əraziləri mövcud olduğu
üçün burda yol yatağının əlavə bərkidilməsi işləri görüləcək. Bunun üçün
xüsusi qrup qrunt əraziyə gətirilərək yayılacaq və kipləşdiriləcək,
avtoqreyderlə küvetlər açılacaq, həmçinin dəmir-beton küvetlər inşa
ediləcək.
Bundan başqa yolun müxtəlif nöqtələrində istinad
divarının dəmir-betonla tikilməsi və izolyasiyası, drenaj xətlərin
çəkilməsi, mövcud suötürücü borular istismara yaramadığı üçün yenisi ilə
əvəz edilməsi və zəruri yerlərdə yenilərinin quraşdırılması,
başlıqlarının dəmir-betonla təmiri və izolyasıyası da nəzərdə tutulub.
İşlərin
yüksək keyfiyyətlə həyata keçirilməsi üçün yolun yenidən qurulması
zamanı Avtomobil Yolları Dövlət Agentliyi bütün qüvvəsini səfərbər edib.
İnşaat işləri mövcud tikinti norma v qaydalarına uyğun şəkildə
aparılır.
Yenidənqurma işlərinin sonuncu mərhələsində hərəkətin
normal təşkili üçün yol boyu zəruri olan yerlərdə yol nişanı və
məlumatverici lövhə quraşdırılacaq, mövcud avtomobil körpülərinin
məhəccərləri yeniləri ilə əvəz olunacaq, yolcizgi və yolgöstərici xətlər
çəkiləcək.
Lənkəran-Lerik
avtomobil yolu rayonlar arasında iqtisadi əlaqələrin, həmçinin turizmin
və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin
azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu tədbirlərin
əsas məqsədi isə təbii ki, vətəndaşların gündəlik həyatını asanlaşdırmaq
və daha da yaxşılaşdırmaqdır.